Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Bu gün gecə saatlarında istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə Trend-ə Şahmat Federasiyasından məlumat verilib.
V.Həşimovun başında bədxassəli şiş var idi.
Qeyd edək ki, V.Həşimov FIDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdi.
Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən "Recco-Emiliya" şahmat turnirinin qalibi olmuşdu.
Allah rəhmət eləsin!