Azərbaycan, Bakı, 27 mart /Trend/
2016-cı il futbol üzrə Avropa çempionatının qalibi olacaq komanda turnirin bütün final oyunlarında qələbə qazanarsa mükafat olaraq 27 milyon avro əldə edə bilər. Bu barədə Trend UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Çempionatın final turniri üçün maliyyənin paylanması sxemi UEFA-nın növbəti konqresində təsdiq olunub.
Ümumilikdə 301 milyon avro final turnirinin iştirakçısı olacaq bütün 24 komanda arasında bölüşdürüləcək. Hər bir iştirakçı ən azı səkkiz milyon avro əldə edəcək.
Bundan başqa, konqres 2012/2013-cü il mövsümünün yekunları üzrə UEFA-nın maliyyə hesabatını qəbul edib, 2014/2015-ci maliyyə ili üzrə büdcəni təsdiqləyib və UEFA-nın Nizamnaməsində bir sıra dəyişikliklər edib.
Qeyd edək ki, Avropa çempionatı 2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək.