Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü başa çatıb. Xatırladaq ki, 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün keçirilən 9-cu mərhələ ilə yarışa yekun vurulub. 165.7 km-lik həlledici mərhələdə Azərbaycanı təmsil edən "Synergy Baku" kontinental komandasının 5 velosipedçisi - Maksim Averin, Samir Cəbrayılov, Aleksandr Surutkoviç, Elçin Əsədov və Ənvər Asanov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 4 saat, 9 dəqiqə, 38 saniyə.
Ümumi sıralanmada təmsilçilərimizdən ən yaxşı nəticəyə E.Əsədov imza atıb - o, yarışın qalibi, Fransanın "Team La Pomme Marseille 13" komandasının üzvü Jülyen Antomarşidən 1 dəqiqə, 43 saniyə geri qalmaqla 12-ci olub. A.Surutkoviç isə 20-ci yeri tutub. Qeyd edək ki, "Synergy Baku"nun təmsilçisi nüfuzlu Çin yarışında bir dəfə fəxri kürsüyə qalxmağı da bacarıb - belə ki, M.Averin 3-cü mərhələdə 2-ci yeri tutması ilə yadda qalmışdı.
Komanda hesabında isə "Synergy Baku" 20 kollektiv arasında 5-ci yeri tutub. Təmsilçimizın qabaqladığı komandalar içərisində kontinental və milli kollektivlərlə yanaşı, Hollandiyanın "Belkin-Pro Cycling Team" Dünya Turu, Avstraliyanın "Drapac Professional Cycling" və ABŞ-ın "Team Novo Nordisk" pro-kontinental komandaları da var.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.