...

Spiros Kapralos: Bakıda Avropa idmanının tarixi yazılır (ƏLAVƏ OLUNUB)

İdman Materials 6 Fevral 2015 16:20 (UTC +04:00)
Bakıda ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycanın və Avropa idmanının tarixinə düşəcək.
Spiros Kapralos: Bakıda Avropa idmanının tarixi yazılır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycanın və Avropa idmanının tarixinə düşəcək. Trend-in məlumatına görə, bunu cümə günü Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Bakıda mətbuat konfransında deyib.

O, qeyd edib: "Fikrimcə, bizim fantastik açılış mərasimi və əla oyunlarımız olacaq. Şübhə etmirik ki, Bakı möhtəşəm oyunlar keçirəcək və biz hamımız burada Azərbaycan və Avropa idmanı tarixini yaradırıq".

S.Kapralos oyunlara hazırlıq üzərində işləyənlərin hamısına təşəkkür edib. Sədr bildirib ki, Ələqələndirmə Komissiyasının nümayəndə heyətinin son səfərindən etibarən Bakıda oyunlara hazırlıq işləri çox irəli gedib.

Onun sözlərinə görə, qısa müddət ərzində böyük iş görülüb: "Bundan sonra diqqəti təfərrüatlara yönəltmək lazımdır: "İndi Bakıya kiçik qruplardan ibarət ekspertlərin texniki səfərləri başlayacaq və hazırlığın yoxlanılmasına xüsusi diqqət ayrılmalıdır. Avropa Olimpiya Komitəsi bu məsələdə Bakıya tam dəstək verməyə hazırdır".

Əlaqələndirmə Komissiyasının sədri əlavə edib ki, Bakıda Avropa Oyunlarının keçirilməsi üçün bir çox unikal obyekt tikilib: "Bakı Atıcılıq Mərkəzi dünyada ən yaxşısıdır. Avropa Oyunlarının keçirilməsi nəticəsində ölkə böyük irs əldə edəcək".

S.Kapralos qeyd edib ki, bu oyunlardan sonra Azərbaycan istənilən idman tədbirinin keçirilməsi üçün ərizə verə bilər: "Bundan əlavə, inşa edilmiş infrastruktur qalır və ən vacibi odur ki, bu və ya başqa şəkildə oyunların hazırlanmasında və keçirilməsində iştirak edən hər bir azərbaycanlı böyük təcrübə əldə edir. Bu insanlar Təşkilat Komitəsində çalışan könüllülər, təchizatçılar, inşaatçılar və başqalarıdır. Azərbaycanda hər kəs bu oyunlardan faydalanacaq".

Onun sözlərinə görə, Avropa Oyunlarına hazırlıq zamanı dünya Olimpiya Oyunlarının keçirilməsi təcrübəsindən istifadə olunub. Lakin Bakıdakı oyunlarla bağlı daha çevik yanaşma tətbiq edilib. İdman növləri təşkilatçının ehtiyaclarına, həmçinin buradakı obyektlərə uyğun olaraq seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti