...

Macarıstanda "Bakı-2015: Açılışa 100 gün qalmış" adlı təqdimat keçirilib (FOTO)

İdman Materials 5 Mart 2015 13:51 (UTC +04:00)
Macarıstan Milli Olimpiya Komitəsi Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə “Bakı-2015: Açılışa 100 gün qalmış” adlı təqdimat mərasimi keçirib.
Macarıstanda "Bakı-2015: Açılışa 100 gün qalmış" adlı təqdimat keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Macarıstan Milli Olimpiya Komitəsi Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə "Bakı-2015: Açılışa 100 gün qalmış" adlı təqdimat mərasimi keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Macarıstan MOK-un mənzil-qərargahında baş tutan mərasimdə macar rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən Macarıstan insan ehtiyatları nazirliyinin idman məsələləri üzrə dövlət katibi İştvan Şimiçrko Bakı-2015 birinci Avropa Oyunlarının bu il fevralın 20-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə keçirilən təqdimat mərasiminin Budapeştin mədəniyyət və idman həyatında yaddaqalan hadisəyə çevrildiyini bildirib. Macarıstanın 2024-cü il Yay Olimpiya oyunlarına ev sahibliyi etmək niyyətində olduğunu xatırladan dövlət katibi bu məsələdə Bakının təcrübəsindən öyrənməli məqamların çoxluğuna diqqətə çatdırıb. O, macar idmançıların dost Azəraycana isti ürəklə və qələbə əzmi ilə gedəcəyinə, Bakı-2015 idman oyunlarının Avropanın idman tarixində yeni, diqqətəlayiq səhifəyə çevriləcəyinə əminliyini ifadə edib.

Macarıstan MOK-un idman direktoru, olimpiya çempionu Laslo Fabian oyunların təşkili ilə bağlı macar nümayəndə heyətinin tərkibində artıq iki dəfə Bakıda olduğunu və Azərbaycan paytaxtının yaddaqalan idman bayramı üçün lazım gələn bütün zəruri hazırlıq işlərini vaxtında və yüksək səviyyədə başa çatdıracağını söyləyib. Bakı-2015 birinci Avropa Oyunlarında 190 macar atletinin idmanın 16 növü üzrə mübarizə aparacağını qeyd edən Laslo Fabian Macarıstanın sonuncu dəfə belə çoxsaylı idmançı heyəti ilə Afinada keçirilən yay olimpiya oyunlarında iştirak etdiyinə diqqəti çəkib.

Ayrı-ayrı federasiyaların rəhbərləri öz çıxışlarında macar idmançılarının Bakı-2015 oyunlarında qarşılarına qoyulan vəzifələrdən danışıb.

Sonra Heydər Əliyev Fondu ilə Bakı-2015 Təşkilat Komitəsi tərəfindən tərəfindən hazırlanan və Azərbaycan paytaxtının birinci Avropa Oyunlarına hazırlığını əks etdirən sənədli filmə baxış keçirilib. Macarıstan MOK rəsmiləri idmançıların bir sıra suallarını cavablandırıblar.

Təqdimat mərasimindən əvvəl Bakıya gələcək Macarıstan komandasının 100-üzvü yarışların açılışına 100 gün qalması münasibəti ilə yaxalarına Bakı-2015 yazılmış idman formasında Budapeşt küçələri ilə yürüş keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti