...

Rövnəq Abdullayev: Klublar işini düzgün qursa, istənilən qədər azarkeş toplaya bilərlər (MÜSAHİBƏ)

İdman Materials 6 Mart 2015 16:32 (UTC +04:00)
AFFA prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən Hesabat Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.
Rövnəq Abdullayev: Klublar işini düzgün qursa, istənilən qədər azarkeş toplaya bilərlər (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 6 mart /Trend/

AFFA prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən Hesabat Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.

- Almaniya Futbol Məktəbi layihəsi özünü doğrultdumu?

- Almaniya Futbol Məktəbi layihəsi birinci vitse-prezident Rauf Əliyevə məxsusdur. Ancaq görürəm ki, bu layihə effekt vermir. Tapşırıq vermişəm ki, dayandırılsın. Yanvarın 1-dən dayandırılacaq.

- 2009-cu ildəki "Neftçi" - "Turan" oyunu ilə bağlı söz-söhbətlər yayılmışdı. Amma sonra siz təkzib etdiniz. Lakin üstündən altı il keçəndən sonra Elxan Məmmədov həmin oyunu faciəvi qarşılaşma adlandırdı. Bu nəyə xidmət edir?

- Elxan müəllim elə deməyib. Həmin açıqlama ilə tanışam. Bəli, həmin oyunla bağlı şübhəmiz var idi. Lakin araşdırdıq. Belə bir şey olmasın deyə, komandaların sayını 12-dən 10-a endirdik. İndi görürsünüz ki, çempionatda belə hallar olmur.

- Klubların məşqçiləri hazırkı legioner limitindən gileylənir...

- Limitdə dəyişiklik edilməyəcək. Çempionatda 10 komanda olacaq. İki komanda Premyer Liqanı tərk edəcək, ikisi aşağı dəstədən gələcək.

- Bəzi zəif komandaların böyük klublara oyun sata biləcəyini dediniz. Bu hallar onsuz da qaçılmazdır. Bir də ki, 4 ildə "Sumqayıt" klubunun gördüyü işlər sizi qane edirmi?

- "Sumqayıt" yaxşı nəticələr verir. Legionersiz bir komandadır. Bu komandanın oyunlarına həvəslə baxıram. Milliyə üç futbolçu veriblər. Sırf azərbaycanlılardan ibarət komandadır.

- AFFA-nın ötən Hesabat Konfransında bildirdiniz ki, U-21-in baş məşqçisi əsas milli komanda səviyyəsində olacaq. Sizcə, Yaşar Vahabzadə bu səviyyədədir?

- Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən Yaşar Vahabzadəni U-21-ə təyin etdik. Əgər MK onu məsləhət görübsə, deməli, yaxşıdır.

- "Araz Naxçıvan"ın yenidən Premyer Liqaya qayıdışı mümkündürmü?

- "Araz Naxçıvan" çempionatdan çıxarılıb. Artıq klubun Premyer Liqaya qayıdışı mümkün deyil. Çünki onlar cəzalandırılıb.

- İldən-ilə futbolumuzda inkişaf olsa da, son ildə bunu görmürük.

- Sizinlə razı deyiləm.

- Stadionlara azarkeş gəlmir. Bu yöndə hansı işləri görmək fikriniz var?

- "Qarabağ"ın oyunlarında stadionların necə dolduğunu görürsünüz. Ancaq daxili çempionatda azarkeşləri görmürük. Klublar işini düzgün qursa, istənilən qədər azarkeş toplaya bilərlər. Mən "Neftçi"də işləyəndə müxtəlif lotereyalar təşkil edirdik. Stadiona 25 min azarkeş gəlirdi. Klublar yəqin özləri istəmirlər. Azarkeş olmayanda fitə basmırlar, istefaya səsləmirlər (gülür).

- Klublar Komitəsi PFL-ə alternativ olaraq yaradılıb?

- PFL tam başqa qurumdur. Klublar Komitəsi hüquqi qurum deyil. Bir müddət əvvəl klubların bir-birindən çox narazılığı oldu. Klublar Komitəsi yaradıldı ki, müəyyən problemləri həll etməyə yardımçı olsun.

- Nə vaxta qədər "Bakı" klubu maliyyə böhranı ilə çıxış edəcək. AFFA kluba hansı köməkliyi göstərir?

- Biz "Bakı"ya maddi dəstək vermirik. Sadəcə, "Bakı" bizə bank zəmanətini təqdim etdi. Biz də bankdan tələb etdik ki, kluba maliyyə ayırsın. Hər klubun bir illik bank zəmanəti olur. Gələn il nə olacağı bizdən asılı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti