Azərbaycan, Bakı, 11 mart /Trend/
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Güləş Federasiyası iyun ayında keçiriləcək birinci Avropa Oyunlarından əvvəl 16-19 aprel tarixlərində Bakıda güləş üzrə sınaq yarışlarının keçirilməsi ilə bağlı bu gün Anlaşma Memorandumu imzalamışlar.
Anlaşma memorandumu "Bakı 2015" Avropa Oyunlarının baş qərargahında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti və Dunya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev və "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov tərəfindən imzalanmışdır.
"Azərbaycan Güləş Federasiyası və "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsi arasında Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar öz məmnunluğumu bildirirəm. Keçiriləcək sınaq yarışları idmançılar, hakimlər və rəsmi şəxslərin Avropa Oyunlarında iştirakı üçün zəmin rolunu oynayacaq" - deyə, cənab Əliyev qeyd etmişdir.
16-19 aprel tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək sınaq yarışlarında ümumilikdə 400 güləşçinin iştirakı gözlənilir.
Cənab Səfərov deyib: "Sınaq yarışları ilk Avropa Oyunlarına hazırlıq üzrə xüsusi əhəmiyyət daşıyır və gözlənilən yarışlar barədə məlumatlılığın artırılmasına yardım edir.
"Azərbaycan zəngin güləş tarixinə malikdir və keçiriləcək sınaq yarışlarının, eləcə də "Bakı 2015" Avropa Oyunlarının geniş sayda yerli dəstək qazanacağına əminliyimi bildirmək istərdim."
Heydər Əliyev adına İdman Arenası müxtəlif idman növləri üzrə 30-dan çox beynəlxalq idman yarışlarına ev sahibliyi etmişdir. "Bakı 2015" Avropa Oyunları zamanı İdman Arenasında 13-18 iyun tarixlərində güləş, eləcə də 25-28 iyun tarixlərində cüdo və 22 iyun tarixində sambo üzrə yarışlar keçiriləcəkdir.
16-19 aprel tarixlərində keçiriləcək güləş və boks yarışları üzrə media nümayəndələrinin akkreditasiyası başlamışdır. Akkreditasiya və Avropa Oyunları ilə bağlı daha ətraflı məlumatı www.baku2015.com saytından əldə edə bilərsiniz. Akkreditasiyadan keçmək üçün son tarix 30 mart 2015-ci ildir.