Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlkin İzzət/
"Eurosport" kanalı "Tour d'Azerbaïdjan-2015"lə bağlı ilkə imza atıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d'Azerbaïdjan-2015" veloyürüşünün startına 20 gün qalır. Xəbər verdiyimiz kimi, mayın 6-10-da keçiriləcək 5 günlük yarışın son 3 mərhələsi planetin nüfuzlu "Eurosport" kanalı ilə canlı yayımlanacaq. 1-ci və 2-ci mərhələlər isə yarım saatlıq icmal şəklində tamaşaçılara təqdim ediləcək.
Martın 21-dən başlayaraq telekanalda AVİF tərəfindən hazırlanmış müsuqili tanıtım videoçarxı yayımlanır. Bundan başqa, "Eurosport"un öz təşəbbüsü ilə "Tour d'Azerbaïdjan-2015"lə bağlı daha bir videoçarx hazırlanıb və yayım proqramına salınıb.
Qeyd edək ki, bu telekanal tarixində ilk belə haldır və 2.1 kateqoriyalı turnirlərlə bağlı belə bir addım atılmayıb. İndiyə kimi "Eurosport" yalnız "Tour de France", "Vuelta", "Giro d'İtalia" və digər Dünya Turları ilə bağlı hazırladığı videoçarxları yayımlayıb.