...

Yeniyetmə güləşçilərin Azərbaycan çempionatı keçiriləcək

İdman Materials 12 May 2015 12:17 (UTC +04:00)
Mayın 19-21-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrin Azərbaycan çempionatı keçiriləcək.
Yeniyetmə güləşçilərin Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İlkin İzzət/

Mayın 19-21-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrin Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, yarışın keçirilməsində əsas məqsəd ölkədə güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutacaq idmançıları yığma komandalara cəlb etməkdir.

Dünya Güləş Birliyinin (DGB) qaydalarına əsasən, yarışlarda güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

Turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə nümayəndəliklər üzrə keçirilən seçim turnirləri artıq başa çatıb. Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq Azərbaycan çempionatında iştirak hüququ əldə ediblər.

AGF-nin nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində ümumilikdə, 1285 yeniyetmə güləşçi mübarizə aparıb. Onlardan 743 nəfəri sərbəst, 542 nəfəri isə yunan-Roma güləşi üzrə yarışlarda qüvvəsini sınayıb. Azərbaycan çempionatında, bütövlükdə, AGF-nin 8 nümayəndəliyini təmsil edən seçilmiş 195 sərbəst və 180 yunan-Roma güləşçisi iştirak edəcək.

Çempionatın proqramına əsasən, mayın 19-da yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəkidə güləşçilər yarışacaq. Mayın 20-də 69, 76, 85 və 100 kq çəkidə yunan-Roma güləşçiləri ilə yanaşı, 42, 46 və 50 kq çəkidə sərbəst güləşçilər də mübarizə aparacaq. Çempionatın son günündə isə, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərində çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti