...

Millimizin lideri: “Məqsədimiz olimpiadaya lisenziya qazanmaqdır”

İdman Materials 29 May 2015 10:29 (UTC +04:00)
Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının bu il ən ciddi sınağı mayın 29-da Polşanın Poznan şəhərində start götürəcək Avropa çempionatına təsadüf edəcək.
Millimizin lideri: “Məqsədimiz olimpiadaya lisenziya qazanmaqdır”

Azərbaycan, Bakı, 29 may /Trend/

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının bu il ən ciddi sınağı mayın 29-da Polşanın Poznan şəhərində start götürəcək Avropa çempionatına təsadüf edəcək. Trend nüfuzlu yarış öncəsi millimizin lideri Aleksandr Aleksandrovun müsahibəsini təqdim edir.

- Mövsümə aprelin əvvəllərində Mingəçevir şəhərində keçirilmiş Beynəlxalq Prezident Kuboku reqatası ilə başladınız. Qalib olduğunuz yarış necə keçdi?
- Reqata normal keçdi. Yarış öncəsi təlim-məşqlərimiz olmuşdu. Prezident Kuboku qarşıdakı nüfuzlu yarışlara bir növ hazırlıq xarakteri daşıyırdı. Sonradan İtaliyada bir reqataya qatıldıq. Orada da hazırlıq səviyyəmizi nəzərdən keçirdik. Ardından Mingəçevirə qayıdaraq, növbəti təlim-məşq toplanışında iştirak etdik. Əsas məqsədimiz 30 avqust - 6 sentyabrda Fransada təşkil olunacaq dünya çempionatında uğurla çıxış edərək, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdan ibarətdir. Hələlik hazırlıqlarımız yaxşı gedir.

- Qarşıdakı nüfuzlu yarışlarda Sizi mükafatçılar sırasında görə biləcəyikmi?
- Nə deyə bilərəm? Rəqabət sərtdir. Dünya çempionatında mükafatçılar sırasına düşəcəyimizi demək çətindir. Çünki 1 saniyə ərzində 6-7 qayıq finiş xəttini keçir. Amma qorxmayacağıq və çalışacağıq ki, onların arasında biz də olaq.

- Hərdən Boris Yotovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla da yarışlara qatılırsınız...
- Bu məsələyə Avropa çempionatından sonra tam aydınlıq gələcək. Hələlik Poznanda 1 nəfərlik qayıqla mübarizə aparacağım dəqiqdir. Prezident Kubokunda 2 nəfərlik qayıqda Boris Yotovla mən yox, İqor Luçiç çıxış etdi və onlar qalib oldular. Avropa çempionatında da bu duet mübarizə aparacaq. Məqsəd 2 lisenziya qazanmaqdan ibarətdir.

- "Bakı 2015" I Avropa Oyunlarında akademik avarçəkmənin olmamasından təəssüflənmirsiniz?
- Əlbəttə, keçirilsəydi, yaxşı olardı. Çünki öz evimizdə çıxış edəcəkdik. Gördüyüm qədərilə, Avropa Oyunlarına hazırlıqlar çox dəqiqliklə görülür. Fikrimcə, hər şey yaxşı olacaq. Həm təşkilatçılıq, həm də yarışın səviyyəsini nəzərdə tuturam.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti