...

"Qəbələ"də xorvatiyalı yarımmüdafiəçi

İdman Materials 1 Sentyabr 2016 11:12 (UTC +04:00)

Bakı. Trend:

“Qəbələ” “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir yeni futbolçu qatıb.

Trend klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçlə anlaşıb. 25 yaşlı orta sahə oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Futbolda ilk addımlarını “Kroatia Sesvete” klubunda atan cinah yarımmüdafiəçisi 17 yaşında Xorvatiyanın ən titullu komandası olan Zaqreb “Dinamo”sunun gənclərdən ibarət heyətinə cəlb edilib. Peşəkar karyerasına da bu klubda başlayan P.Franyiç 2010-2014-cü illərdə “Dinamo”ya məxsus olub. O bu müddətdə icarə əsasında “Lokomotiv” (2010), “Radnik” (2010-2013) və “İstra”nın (2013) formasını geyinib. “Dinamo” ilə müqaviləsi başa çatandan sonra Petar “İstra” (2014-2015) və “Split”də (2015-2016) çıxış edib. P.Franyiç Xorvatiya çempionatının yüksək liqasında 66 oyunda 10 qol vurub.

Bundan əvvəl isə “Qəbələ” hücum xəttini Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovla gücləndirib. 25 yaşlı ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Rusiyada anadan olan futbolçu Stavropol “Dinamo”sunun yetirməsidir. Bu ölkədə “Rostov” (2008-2010), “Nika” (2008, icarə əsasında) və “Taqanroq”da (2009, icarə əsasında) çıxış edən R.Qurbanov 2010-cu ildə Azərbaycana transfer olunub. Bu müddətdən “Neftçi”nin şərəfini qoruyan millimizin üzvü 2011-2013-cü illərdə “Sumqayıt”, 2015-ci ildə isə Xorvatiya “Hayduk”una icarəyə verilib. Azərbaycan Premyer Liqasında keçirdiyi 119 matçda 28 qol vuran oyunçu ölkə çempionu (2010-2011) və kubokun qalibi (2013-2014) adını qazanıb.

Hazırda Azərbaycan milli komandasının heyətində DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə səfər matçına hazırlaşan Ruslan 2015-ci ildə debüt etdiyi yığmada 11 matç keçirib. Bunadək o, U-21 millisinin də şərəfini qoruyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti