...

Mixail Malkin: Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir

İdman Materials 12 Aprel 2018 18:14 (UTC +04:00)
Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir.
Mixail Malkin: Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir

Bakı. Ənvər Məmmədov - Trend:

Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir.

Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında tamblinq yarışlarında təsnifat çıxışından sonra Azərbaycan gimnastı Mixail Malkin deyib.

M.Malkin təsnifatdakı çıxışından razı qaldığını bildirib:

"Əlbəttə, dördüncü yeri tutdum. Amma ötən il də Bakıda Dünya Kuboku mərhələsində dördüncü yeri tutdum, yekunda isə gümüş medal qazandım. Bu dəfə qızıl medal qazanmağa çalışacağam".

M.Malkin əsas rəqibləri sırasında Rusiya, Danimarka və Böyük Britaniya gimnastlarının olduğunu deyib.

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb.

Yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar keçirilir.

Azərbaycanı birinci gün yarışlarda Selcan Maqsudova, Riyad Abbasov və Mixail Malkin təmsil edir.

Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada 4 gün davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirəcək.

Yarışların 1-ci və 2-ci günləri həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri baş tutacaq və komandalar arasında finallar keçiriləcək. 14 aprel tarixində isə gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarımfinal mərhələsi də baş tutacaq. Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Çempionat aprelin 15-ə kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti