Bakı. Trend:
2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlardan biri də “International Challenge” kateqoriyalı beynəlxalq badminton turnirləridir.
Azərbaycan Badminton Federasiyasından Trend-ə verilən məlumata görə, sözügedən mötəbər yarışlardan birinin təşkili hüququnu Bakı qazanıb. Turnir Beynəlxalq Badminton Federasiyasının 2019-cu il təqvim planına daxil edilib.
“Azerbaijan International 2019” Bakı İdman Sarayında keçiriləcək və iyunun 6-9-u tarixlərində reallaşacaq. 5 kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi nüfuzlu yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır.
Bu, Azərbaycanda keçiriləcək ilk böyük badminton turniridir. Doğrudur, badminton 3 il əvvəl ölkəmizin təşkilatçılığı ilə reallaşan 1-ci Avropa Oyunlarının proqramına daxil idi, amma o vaxt 30 idman növündən biri idi.
Azərbaycan təkcə idman nailiyyətləri ilə deyil, həm də irimiqyaslı nüfuzlu yarışları yüksək səviyyədə təşkil etməklə beynəlxalq medianın, həmçinin dünya çapında xüsusi çəkiyə malik tanınmış mütəxəssislərin böyük rəğbətini qazanıb. Peşəkar badmintonçuların “Azerbaijan International 2019” turniri də istisna olmayacaq və Bakı turnirində yeni beynəlxalq standartlar müəyyənləşəcək. Badmintonçularımızın son beynəlxalq turnirlərdə qalib olması bu idman növünə marağı bir qədər də artırıb. Təmsilçilərimiz Edi Reski Dviçayo və Ezmi Qovimuramadhonin Belarusun Minsk şəhərində keçirilən, “International Challenge” kateqoriyalı “Belarus International 2018” turnirində həm şəxsi, həm də qoşa yarışlarda 1-ci olması ölkə badmintonu adına tarixi hadisədir.
Ümumiyyətlə, son illər milli komandanın üzvləri Səbuhi Hüseynov, Cahid Əlhəsənov, Murad Bayramov mütəmadi olaraq, Beynəlxalq Badminton Federasiyasının təqvim planında yer alan müxtəlif kateqoriyalı yarışlarda iştirak edir. Yeniyetmə və gənc badmintonçularımız Vaqif İsmayılov, Adəm Əliyev, Rəvan Niftəliyev, Aqil Qəbilov, Zaur İsazadə davamlı olaraq, müxtəlif beynəlxalq turnirlərə ezam olunur. Olimpiya lisenziyalı yarış həm də Azərbaycanda badmintonun daha da populyarlaşmasında, inkişaf etməsində yeni mərhələ olacaq, eləcə də gənclərin bu idman növünə üz tutmasında yeni səhifə açacaq.