...

Gənc tamaşaçı: Milli Gimnastika Arenasında yarışların açılış mərasimləri həmişə parlaq keçir

İdman Materials 16 Fevral 2019 20:26 (UTC +04:00)
Milli Gimnastika Arenasında yarışların açılış mərasimləri həmişə parlaq keçir
Gənc tamaşaçı: Milli Gimnastika Arenasında yarışların açılış mərasimləri həmişə parlaq keçir

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında yarışların açılış mərasimləri həmişə parlaq keçir. Bunu Trend-ə batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun gənc tamaşaçısı Safura Məmmədli deyib.

S.Məmmədli bildirib: "Yarışlara baxmaq mənim çox xoşuma gəlir. Milli Gimnastika Arenasında həmişə parlaq açılış mərasimləri olur, eləcədə fleşmoblar və müsabiqələr keçirilir. Mən bir neçə dəfə müsabiqələrdə iştirak edib sualları düzgün cavablandıraraq hədiyyələr qazanmışam".

Gənc tamaşaçı qeyd edib ki, əvvəl o batut gimnastikası ilə məşğul olub, indi isə bədii gimnastika ilə məşğul olur: "Bu gün Milli Gimnastika Arenasına öz məşqçimə azarkeşlik etmək üçün gəmişəm. Bütün Azərbaycan gimnastlarına həmişə qalib gəlmələrini və hər dəfə daha yaxşı çıxış etmələrini arzu edirəm".

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Xəbər lenti

Xəbər lenti