Bakı. Cani Babayeva - Trend:
Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının gənclər arasında komanda hesabı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Trend-in məlumatına görə, komanda hesabı üzrə qaliblər 5 ən yaxşı çıxışa görə müəyyən edilib.
Kürsünün yuxarı pilləsinə Rusiyanın gənclər komandası çıxıb. İkinci yerdə Rumıniya, üçüncü yerdə isə Macarıstan komandaları qərarlaşıb.
Qaliblərə mükafatları Avrop Gimnastika İttifaqının (UEG) aerobika gimnastikası üzrə texniki komitəsinin rəhbəri Mariya Kristina Kazentini, UEG-in aerobika gimnastikası üzrə texniki komitəsinin üzvü Alina Draqan, Azərbaycan Gimnastika Federasiyasının meneceri Mehman Əliyev təqdim edib.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.
Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.
Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.