...

Güləşçimiz Ermənistan idmançısına qalib gələrək Avropa çempionatının finalına yüksəlib

İdman Materials 10 Fevral 2020 22:28 (UTC +04:00)
Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib
Güləşçimiz Ermənistan idmançısına qalib gələrək Avropa çempionatının finalına yüksəlib

Bakı. Trend:

Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.

Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Bolqarıstan güləşçisiylə qarşılaşan Eldəniz ilk hissəni 5:0 öndə tamamlasa da, yekunda məğlubiyyətdən xilas ola bilməyib.

Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisiylə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün Məmmədov ikinci yarış günündə təsəlliverici görüşə çıxmaq hüququ qazanıb.

Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısıyla görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisiylə prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə birinciliyinin finalına vəsiqə qazanıb.

İslam Abbasov ilk mərhələdə yanvarda Fransa "Qran-pri"sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb. İslam 1/8 finalda polşalı həmkarından güclü olub. Abbasov 1/4 finalda Bolqarıstan təmsilçisini "tuşe" ilə üstələyərək yarımfinala adlayıb.

Sabah Şəriəti startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. Prinsipial qarşılaşmadan yığma üzvü qalib ayrılıb. Ancaq 1/4 finalda rumıniyalı rəqibinə uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti