...

Klub “Şamaxı” adını daşıyırsa, azərbaycançılıq ön plana keçməlidir - “Şamaxı” FK-nın İdarə Heyətinin sədri

İdman Materials 4 Avqust 2022 14:19 (UTC +04:00)
Klub “Şamaxı” adını daşıyırsa, azərbaycançılıq ön plana keçməlidir -  “Şamaxı” FK-nın İdarə Heyətinin sədri

Bakı. Trend:

“Şamaxı”da futbolla bağlı müəyyən ənənələr olub.

Trend-in məlumatına görə, bunu “Şamaxı” futbol klubunun İdarə Heyətinin sədri Elçin Usub deyib.

O, Şamaxıda təşkil olunan klubun təqdimat mərasimində 2018-ci ildə Regional Liqaya komanda buraxıldığını söyləyib.

“Prezident İlham Əliyevin göstərişinə əsasən Şamaxı şəhər stadionu yenidən quruldu. Yeri gəlmişkən, AFFA prezidenti Rövnəq Abdullayevə də təşəkkürümüzü bildiririk. Diqqət və qayğı nəticəsində yenidənqurma işləri qısa müddətdə tamamlandı. “Keşlə” klubunun bazasında da “Şamaxı” klubu fəaliyyətə başladı. Komandamız ötən mövsümün son turlarında “Şamaxı” adı altında çıxış etməyə başladı”.

O bildirib ki, “Şamaxı” ilə bağlı müəmmalı durumun yaranması hüquqi məsələlərlə bağlı idi: “Bu proseslər də iyulun əvvəllərində yekunlaşdı. Paralel olaraq “Şamaxı”da əsas heyətin formalaşması proseslərinə başlandı. Yeni məşqçilər heyəti ilə anlaşdıq.

Əsas fikrimiz odur ki, klub “Şamaxı” adını daşıyırsa, azərbaycançılıq ön plana keçməlidir. Bəzən müəyyən inkişaf səviyyəsinə çatan gənc futbolçular yetərincə şans qazanmırlar. Adlı-sanlı klubların da uğur qazanmaq istəyi var, nəticədə əcnəbilərə üstünlük verilir. Perspektivli gənclər də özlərini tam göstərə bilmirlər. Bu üzdən milli səviyyəsində də ortaya nəsə qoymaq mümkün olmur. Bizim də istəyimiz odur ki, gənc məşqçi korpusuna imkan yaradaq, onlar da öz xətləri ilə yerli perspektivli oyunçularla heyət qursun. Bununla Azərbaycan futbolunun inkişafına əlimizdən gələn köməkliyi edək. Ola bilsin ki, iddialı danışırıq. Biz tələsmirik. Məqsədimiz hər gün bir addım irəli getməkdir. Bu istiqamətdə səbir tələb olunur. Problemlərimiz var, bunları da gizlətmirik. Komandanın yerdəyişməsi, baza məsələlərinin təminatı kimi məsələlərə nail olmuşuq”.

İdarə Heyətinin sədri əvəzedici heyətlə bağlı işlərin davam etdirildiyini də əlavə edib.

Xəbər lenti

Xəbər lenti