Konya.Trend:
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib.
Trend-in cümə axşamı verdiyi məlumata görə, bağlanış mərasimində gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Əbdüləziz bin Turki Əl-Feysəl Əl-Səud çıxış ediblər.
Kasapoğlu İslam Oyunlarının İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qardaşlığını daha da gücləndirəcəyini vurğulayıb. Bu Oyunların keçirilməsi burada iştirak edən ölkələrdə idmanın inkişafına öz töhfəsini verəcək.
Öz növbəsində Əbdüləziz bin Turki Əl-Feysəl Əl-Səud Konya şəhərində Oyunların yüksək səviyyədə keçirildiyini, bütün idmançıların yaxşı hazırlıq keçdiyini bildirib. Həmçinin, o, əmindir ki, gələcəkdə Oyunların keçirilməsi İslam Əməkdaşlıq Təşkilatı ölkələrində idmançıların daha da yaxşı hazırlanmasına və idmanın inkişafına töhfə verəcək.
Azərbaycan V İslam Həmrəyliyi Oyunlarını 99 medalla (29 qızıl, 36 gümüş və 34 bürünc) başa vuraraq İslam Əməkdaşlıq Təşkilatının 54 ölkəsi arasında dördüncü yeri tutub. Azərbaycan idmançılarından ibarət nümayəndə heyəti sayca Türkiyədən sonra ikincidir - 282 idmançı. İdmançılarımız 24 idman növündən 22-də iştirak ediblər. Oyunlarda ümumilikdə 4200 idmançı iştirak edib.