...

Ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü yekunlaşıb

İdman Materials 1 Oktyabr 2022 23:39 (UTC +04:00)
Ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü yekunlaşıb

Bakı. Trend:

Oktyabrın 1-də və 2-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb.

Trend xəbər verir ki, oğlanlar arasında 3 çəkidə qaliblər müəyyən olunub. Amin Osmanov yaşı 20-yə qədər və çəkisi 55 kiloqrama qədər olan oğlanlar arasında qalib adını qazanıb. O, ümumilikdə 205 kiloqram (92+113) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq 196 kiloqram (87+108) nəticə ilə Dəniz Cabbarlı və 170 kiloqram (78+92) nəticə ilə Orxan İmanov qazanıblar. Yaşı 23-ə qədər olan idmançılar arasında bu çəkidə qızıl medalı ümumilikdə 135 kiloqram (60+75) nəticə ilə Oruc Məhərrəmov qazanıb.

Çəkisi 61 kiloqrama qədər olan oğlanlar arasında qızıl medalı Əmrah Osmanov qazanıb. O, ümumilikdə 195 kiloqram (86+109) nəticə ilə bütün rəqiblərini üstələyib. Gümüş medala 192 kiloqram (83+109) nəticə ilə Kənan Rəhimov, bürünc medala isə 180 kiloqram (85+95) nəticə ilə Akif Abdullayev layiq görülüblər.

Sonda körpücük üzərinə çəkisi 67 kq-a qədər olan oğlanlar çıxıb. Onlardan ümumilikdə 242 kiloqram (106+136) nəticə göstərən Rüstəm Qasımov qızıl medal qazanıb. Sonrakı pillələri 240 kiloqram (105+135) nəticə ilə Qasım İsmayılov və 226 kiloqram (104+122) nəticə ilə Turan Əliyev tutublar.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir. Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti