Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Trend xəbər verir ki, “Səbail” klubu “ASCO Arena”da “Qəbələ”ni qəbul edib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 18-ci dəqiqədə Yadin Luqasi, 52-ci dəqiqədə İlkin Qırtımov (avtoqol) və 60-cı dəqiqədə penaltidən Aleksandr Ramalinqom vurub. 35-ci dəqiqədə qonaqların futbolçusu Samuel Tete birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Bu nəticə ilə xallarını 26-ya çatdıran “Səbail” üçüncü pilləyə yüksəlib. Ardıcıl üçüncü matçda eyni hesabla uduzan “Qəbələ” isə 11 xalla sonuncu – 10-cu sırada qərarlaşıb.
Günün son oyununda “Araz-Naxçıvan” və “Sabah” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, XVII turun açılış oyununda “Kəpəz” “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib. Dekabrın 16-da “Turan Tovuz” və “Zirə”, dekabrın 18-də isə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcəklər.