Bakı. Trend:
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend xəbər verir ki, iclasda Premyer Liqanın XVII turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz”lə oyunun 26-cı dəqiqəsində, həmçinin matç bitdikdən sonra “Sumqayıt” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.
“Səbail”lə görüşdə təcavüzkar davranışa - rəqibə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Samuel Tette ikisi şərti olmaqla 4 oyun cəzalanıb. Qanalı hücumçu bölgə təmsilçisini 3000 manat ziyana salıb.
“Araz-Naxçıvan”la oyunda 4 futbolçusu sarı vərəqə görən “Sabah” klubu 700 manat cərimələnib.
“Qarabağ” – “Neftçi” matçında hər iki komandanın azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klublar ayrılıqda 1000 manat cərimə ödəyəcəklər.