Bakı. Trend:
Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondelin İdman.bizə müsahibə verib.
Trend İdman.biz-ə istinadən müsahibəni təqdim edirik:
- Azərbaycana ilk rəsmi səfərinizi reallaşdırdınız. Bakı
barədə fikirləriniz?
- Bakı şəhəri və onun mehriban əhalisi məni olduqca heyran etdi.
Mədəniyyətlərin və tarixin kəsişməsində yerləşən şəhərdə müstəsna
təcrübələr yaşadım. Ləziz yeməkləri də unutmayaq! Bundan əlavə,
ictimai məkanlarda əlil arabasında olan və ya görmə məhdudiyyətli
insanlar üçün inklüziv mühit mövcuddur.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti
barədə nə düşünürsüz?
- İlk növbədə, Paris-2024 Paralimpiya Oyunlarında göstərdikləri
nəticələrə görə, Azərbaycanın Milli Paralimpiya Komitəsini təbrik
etmək istəyirəm. 18 idmançıdan ibarət nümayəndə heyətinin Vətəninə
11 medalla qayıtması həm idmançıların, məşqçilərin, həm də bunun
üçün şərait yaradan Milli Paralimpiya Komitəsinin gərgin işinə
əsaslanan əla nəticədir. Üstəlik, Milli Paralimpiya Komitəsi
inkişaf edir. Davamlılıqla nəticələnən güclü strukturun qurulması
Azərbaycanda Para idmanının inkişafı üçün bazanı təmin edir. İdman
proqramlarına qoşulan yeni gənc paraidmançılar getdikcə artacaq və
bəlkə də fərqli idman proqramları yaradılacaq. Biz Avropa
Paralimpiya Komitəsi olaraq Azərbaycan Milli Paralimpiya Komitəsini
əlimizdən gəldiyi qədər dəstəkləyəcəyik. Ümid edirəm ki, 2025-ci
ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək Avropa Gənclər Para
İdman Oyunlarında Azərbaycandan çox sayda idmançı iştirak
edəcək.
- Ölkəmizə rəsmi səfərinizin əsas mahiyyəti nədən ibarətdir?
- Azərbaycana baş çəkməyimdə əsas məqsəd Milli Paralimpiya Komitəsi ilə əlaqələri genişləndirmək və Azərbaycan Deflimpiya Komitəsi kimi müxtəlif idman təşkilatları ilə tanış olmaqdır. Hörmətli gənclər və idman naziri, cənab Fərid Qayıbovla görüşümüz həm Olimpiya, həm də Paralimpiya idman növlərinə bərabər yanaşmanın vacibliyini vurğulamaq baxımından əhəmiyyətli oldu. Onların bərabər səviyyədə tutulması idmanda inklüzivliyin nə demək olduğunu göstərə və beləliklə, daha inklüziv cəmiyyətə töhfə ola bilər. Həmçinin, Azərbaycan Milli Olimpiya Komitəsi ilə Avropa Paralimpiya Komitəsi arasında əməkdaşlıq imkanlarının müzakirəsi də gündəliyimizdəki vacib nüanslardan biridir.
- Azərbaycanın Paralimpiya millisinin Parisdə keçirilən Paralimpiya Oyunlarındakı çıxışını necə dəyərləndirərdiniz?
- İlk sualınızın əvvəlində qeyd etdiyim kimi, 5 müxtəlif idman növündə 11 medal qazanmağın böyük nailiyyət olduğunu deyərdim. Ümid edirəm ki, Los Anceles-2028 Paralimpiya Oyunları zamanı Azərbaycanı daha çox idman növündə kifayət sayda idmançıdan ibarət nümayəndə heyəti təmsil edəcək.
- Ölkəmizə səfəriniz çərçivəsində Bakıda keçirilən “Formula-1” yarışlarını da izlədiniz. Azərbaycan Qran-Prisi sizdə hansı təəssüratları yaratdı?
- Möhtəşəm bir hadisə idi. Azərbaycan bu avtoyürüşü şəhərin tam mərkəzində, hətta tarixi ərazilərdə keçirdi. Təşkilatçılar Parisdə keçirilən Olimpiya və Paralimpiya Oyunları kimi bu adrenalin dolu idman növünü əhaliyə daha da yaxınlaşdırdılar. Bəzi məqamlarda bu, çətin və mürəkkəb sayıla bilər, lakin faydaları çoxdur. Bu atmosferdə iştirak etmək inanılmaz bir təcrübə idi.