Bakı. Trend:
Azərbaycan Respublikası Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar elm xadimi, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli " Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuş Ağacan Abiyevin şərəfinə həsr olunmuş birinci boks turnirinin açılış mərasimi keçirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, 2012-2013-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında keçirilən turnirin açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Parad iştirakçıları, məşqçilər və hakimlər marş sədaları altında idman arenasına daxil olublar.
Açılış mərasimində gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək Ağacan Abiyevin Azərbaycan idmanındakı əvəzsiz xidmətlərindən və ölkəmizdə boksun inkişafına verdiyi mühüm töhfələrdən danışıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O bildirib ki, müstəqillik dövründə Azərbaycanda yeniyetmələr arasında ilk beynəlxalq turnirin təşəbbüskarı məhz Ağacan Abiyev olub.
Çingiz Hüseynzadə vurğulayıb ki, 1990-cı illərin sonlarında bu turnirin təşkil edilməsi Azərbaycanın beynəlxalq idman arenalarında təşkilatçı ölkə kimi tanınmasında mühüm rol oynayıb və bu istiqamətdə Ağacan Abiyevin xidmətləri əvəzsizdir. MOK rəsmisi bu yaxınlarda Ağacan Abiyevin Avropa Olimpiya Akademiyası tərəfindən Avropa Olimpiya Hərəkatında və idmanın inkişafında göstərdiyi xidmətlərə görə xüsusi mükafata layiq görülüldüyünü qeyd edərək həmin mükafatı Ağacan Abiyevə təqdim edib.
Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov turnirin əhəmiyyətindən danışaraq ötən həftə Azərbaycanın ən gənc boksçusu Sübhan Məmmədovun dünya çempionu olduğunu vurğulayıb və onun dünyada bu uğura layiq görülən ən gənc boksçu olduğunu diqqətə çatdırıb.
Tədbirdə Ağacan Abiyev boks əlcəyini imzalayaraq Sübhan Məmmədova verib.
Dünya çempionu Sübhan Məmmədov çıxışında Ağacan Abiyevə dəyərli hədiyyəyə görə minnətdarlığını bildirərək, Olimpiya Oyunlarında da eyni uğuru təkrarlayacağına əminliyini ifadə edib.
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Ağacan Abiyevin xidmətlərindən danışaraq bildirib ki, o, 28 ilə yaxın İdman Akademiyasına rəhbərlik edib və beynəlxalq dərəcəli hakim olmaqla yanaşı, elm adamı və pedaqoq kimi gənc idmançıların formalaşmasında xüsusi rol oynayıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova turnirin yeniyetmə idmançılar üçün əhəmiyyətini vurğulayıb. O, ardınca Azərbaycan İdman Veteranları İctimai Birliyinin üzv kitabçasını Ağacan Abiyevə təqdim edib.
Mərasimdə boks üzrə beynəlxalq dərəcəli hakim Elnur Məmmədli turnirin təşkilatçılarına minnətdarlığını bildirərək yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra turnirin hakimlər heyəti yarış iştirakçılarına təqdim edilib. Tədbirdə Ağacan Abıyev haqqında videoçarx təqdim edilib. Tədbirin bədii hissəsindən sonra 1/4 final yarışlarına start verilib.
Qeyd edək ki, dekabrın 19-dək davam edəcək turnirdə Bakının "Qızıl əlcək", "Dinamo", "Təhsil", "Neftçi" , AHTİA, MOİK komandaları ilə yanaşı, Gəncə və Sumqayıtı təmsil edən 100-ə yaxın boksçu qüvəsini sınayır.
18 çəki dərəcəsi üzrə keçiriləcək yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Anar Nağdıyevdir. Turnirin final görüşləri dekabrın 19-da keçiriləcək.