Bakı. Trend:
Ağstafa rayonunda keramika dam örtükləri müəssisəsinin təməlqoyma mərasimi keçirilib.
Trend-in məlumatına görə, tikiləcək zavod MDB məkanında yeganə müəssisə olacaq. Əvvəllər Rusiyada belə bir zavod olsa da, fəaliyyəti dayandırılıb.
Keramika dam örtükləri müəssisəsi 1.5 ha ərazini əhatə edəcək. Obyektin 9 aya təhvil verilməsi planlaşdırılır. Zavod yerli xammal əsasında fəaliyyət göstərəcək. İstehsal gücü sutkada 500 kv.m təşkil edəcək. Burada 150-dən artıq insan işlə təmin olunacaq.
Təməlqoyma mərasimində İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev və Karvan-L Elmi İstehsalat Şirkətinin təsisçisi Əbülfəz Qafarov iştirak ediblər.
Qeyd edək ki, 2016-cı il oktyabrın 19-da açılan Ağstafa Sənaye Parkında hazırda 12 müəssisə fəaliyyət göstərir. Burada polietilen örtüklərinin istehsalı və onun xammalı, biorqanik kənd təsərrüffatı məhsulları istehsal edən istixana kompleksi, daş sexi, metal dam örtüyü, mozaika- fasad daşları, plastik və avtomobil təkərlərinin təkrar emalı, şüşə istehsalı, üzvi turşu istehsalı sexləri fəaliyyət göstərir, yaxın vaxtlarda isə balıqçılıq gölü və 40 ha yaxın alma-fındıq bağının salınması nəzərdə tutulur. Sənaye Parkında 165-dən çox mühəndis və fəhlə çalışır.