...

Nazir: “Cənub qaz dəhlizi” layihəsində aparıcı qüvvə Azərbaycandır

İqtisadiyyat Materials 1 May 2017 09:09 (UTC +04:00)
Ölkəmizin iqtisadiyyatına mühüm töhfə verəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi hazırda tamamlanmaq ərəfəsindədir
Nazir: “Cənub qaz dəhlizi” layihəsində aparıcı qüvvə Azərbaycandır

Bakı. Trend:

Ölkəmizin iqtisadiyyatına mühüm töhfə verəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi hazırda tamamlanmaq ərəfəsindədir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və Transadriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin edəcək “Cənub qaz dəhlizi” layihəsi reallaşdırılır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

O qeyd edib ki, layihəni iştirakçı ölkələrdən savayı, Asiya İnkişaf Bankı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və bir sıra digər beynəlxalq maliyyə institutları dəstəkləyir. Bu, dünya miqyasında Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan “Cənub qaz dəhlizi” layihəsinə inam və etibarın bariz nümunəsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev layihənin təkcə ölkəmiz üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulayaraq qeyd edib ki, bu layihənin reallaşdırılmasında aparıcı qüvvə məhz Azərbaycandır.

Nazir bildirib:

"Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuş Heydər Əliyev müxtəlif dövrlərdə iki dəfə Azərbaycana rəhbərlik etmiş və hər dəfə respublikamızı tənəzzüldən, anarxiyadan, xaosdan inkişafa, tərəqqiyə doğru aparıb. Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Ölkəmizin bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin məhz həmin illərdə apardığı milli quruculuq işləri dayanır. Sonralar sovetlər birliyinin rəhbərliyinə yüksələn Heydər Əliyev bu nəhəng ölkənin ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olaraq Azərbaycanı öz timsalında bütün dünyaya tanıtdı. Ulu öndərin bu yüksək vəzifədə fəaliyyəti respublikamızın sovetlər birliyinin bütün imkanlarından maksimum bəhrələnməsini şərtləndirdi.

Heydər Əliyevin müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətə qayıdışı ölkəmizin müasir tarixinin çox keşməkeşli dövrünə təsadüf edir. Ölkəmiz ciddi hərbi, siyasi, sosial-iqtisadi və maliyyə problemləri ilə üz-üzə qalmışdı. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və çoxsaylı soydaşlarımızın öz doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkün halına düşməsi, daxildə hökm sürən siyasi çəkişmələr, özbaşınalıq və xaos, keçmiş sovetlər birliyinin digər respublikalarında fəaliyyət göstərən təsərrüfat subyektləri ilə ticarət-maliyyə əlaqələrinin dağılması, dördrəqəmli (1800 faiz) hiperinflyasiya, yüksək yoxsulluq və işsizlik səviyyəsi şəraitində Azərbaycan keçmiş SSRİ və Şərqi Avropanın keçid ölkələri arasında ən dərin iqtisadi tənəzzülə məruz qalmaqla 1991-ci ilə qədər olan ümumi daxili məhsulunun 60 faizinə qədərini itirib.

Belə mürəkkəb bir dövrdə bazar iqtisadiyyatına keçid qeyri-peşəkar şəkildə aparılır, ciddi siyasi, sosial-iqtisadi, maliyyə böhranı getdikcə genişlənirdi. Təkcə bir faktı qeyd edək ki, 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı üzrə əldə etdiyi real gəlirlərin səviyyəsi 8 dəfə azalmışdı. İstehsalın kəskin şəkildə aşağı düşməsi, bazar elementlərinin kortəbii fəaliyyəti, dövlət xərclərinin və əməkhaqqı səviyyəsinin bir neçə dəfə artırılması, ÜDM-ə nisbəti 13 faizə qədər çatmış büdcə kəsirinin Milli Bank tərəfindən davamlı şəkildə pul çapı vasitəsilə maliyyələşdirilməsinə yönəlmiş düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından bir tərəfdən inflyasiyanı sürətləndirir, digər tərəfdən milli valyutanın sürətli devalvasiyasını şərtləndirirdi. Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü kimi xarakterizə edilən həmin illər aparılmış sistemsiz iqtisadi siyasət nəticəsində maliyyə-bank sistemi iflic vəziyyətə düşmüş, ölkədə dərin siyasi və iqtisadi böhrana səbəb olmuş siyasi naşılıq və səriştəsizlik hakimiyyətdə boşluğun yaranmasına və faktiki olaraq dövlətin parçalanmasına gətirib.

Dövlət müstəqilliyimizin təhlükə altında olduğu məhz belə ağır bir vəziyyətdə xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı və yorulmaz əməyi ilə tezliklə hərbi-siyasi sabitlik bərqərar edildi və iqtisadiyyatda radikal bazaryönlü islahatların keçirilməsinə başlanıldı. Ulu öndərin siyasi və iqtisadi sahədəki böyük əmək və uzaqgörənliyi sayəsində 1990-cı illərin əvvəllərində iqtisadiyyatda xroniki xarakter almış geriləmə prosesinin qarşısı alındı, makroiqtisadi sabitlik əldə edildi, sənayedə və digər sahələrdə iqtisadi göstəricilər artdı. Dövlətin idarəetmə mexanizmləri və hüquqi bazası təkmilləşdi, ölkənin müdafiə sistemi yaradıldı və möhkəmləndi, zəruri sosial problemləri həll olundu, Azərbaycanın suveren və yaradıcı dövlət kimi beynəlxalq imici yüksəldi.

1994-cü ildə Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması xalqın öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrildi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açdı, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın davamlı inkişafı üçün güclü zəmin yaratdı. Təsadüfi deyil ki, milli sərvətin nəsillər arasında ədalətli bölgüsü, neft gəlirlərinin səmərəli idarə edilməsi məqsədilə 1999-cu ildə Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu təsis edildi və o, bu gün uğurla fəaliyyət göstərir.

Heydər Əliyevin o dövrdəki fəaliyyətində bazar iqtisadiyyatının formalaşması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, aqrar islahatların həyata keçirilməsi və bu kimi digər prioritet sahələrdə həyata keçirilən ardıcıl iqtisadi islahatlar mühüm yer tutmuşdur. Bu baxımdan ilk növbədə Bretton-Vuds və digər beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində qısamüddətli dövrdə fiskal intizamın təmin olunması, milli valyutanın kəskin ucuzlaşmasının qarşısının alınması, inflyasiyanın minimum səviyyəyə endirilməsi və iqtisadi artımın bərpa edilməsinə yönələn makroqitisadi sabitləşdirmə proqramı qəbul olunmuşdur. Eyni zamanda uzunmüddətli perspektivdə bazar iqtisadiyyatının əsas institusional elementlərinin formalaşmasına xidmət edən struktur islahatları həyata keçirilib. Qiymətlərin və ticarətin liberallaşdırılması, kütləvi özəlləşdirmə proqramının həyata keçirilməsi nəinki postsovet məkanında, hətta Şərqi Avropanın keçid ölkələri arasında ən yaxşı islahat nümunələrindən birinə çevrilmiş torpaq islahatlarının qısa bir zamanda uğurla reallaşdırılması, bank sektorunun konsolidasiyası və restrukturlaşması, valyuta rejiminin tənzimlənməsi, bank-maliyyə ödəniş sistemlərinin yaradılması, özəl sahibkarlar sinfinin inkişafına şərait yaradan əlverişli biznes mühitinin formalaşdırılması və digər bu kimi mühüm əhəmiyyətə malik islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafının, habelə bazar institutlarının sağlam və dayanıqlı fəaliyyətinin əsası kimi çıxış etməyə başlayıb. Eyni zamanda bu dövrdə iqtisadi islahatların aparılması üçün vacib olan mütərəqqi qanunvericilik bazası işlənib hazırlanmış, bir sıra qanun, proqram, konsepsiyalar qəbul edilib.

Aparılan məqsədyönlü fəaliyyət və tədbirlər nəticəsində qısa vaxtda Milli Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulub, büdcə kəsiri ÜDM-in 1-2 faizi səviyyəsinə enib. Bu dəyişikliklər nəticəsində artıq 1995-ci ildə dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitlik yaranmış, növbəti - 1996-cı ildən başlayaraq isə iqtisadi artımı bərpa etmək mümkün olub. Beləliklə, Heydər Əliyevin düşünülmüş iqtisadi və maliyyə siyasəti nəticəsində ölkənin sosial-iqtisadi inkişafının təməlinin qoyulmasına, daxili və xarici mənbələr hesabına kapital qoyuluşuna, xarici ticarət əlaqələrinin bərpasına, özəlləşdirilmənin başlanmasına, sahibkarlığın formalaşmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına nail olunub.

Ulu öndərin siyasi varisi və davamçısı cənab İlham Əliyevin 2003-cü ilin oktyabrından Azərbaycana rəhbərlik etməsi isə ölkənin iqtisadi və siyasi həyatındakı bu müsbət meyillərin daha da genişlənməsinə, Heydər Əliyev ideyalarının və dərin islahatlar strategiyasının müasir tələblərə və reallıqlara uyğun olaraq davam etməsini təmin edib. Prezidentin həyata keçirdiyi sosial-iqtisadi islahatlar ölkədə yeni və sürətli inkişaf mərhələsinin başlamasına, bazar münasibətlərinə söykənən sosial və investisiyayönümlü büdcənin formalaşmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə rəvac verib. Cənab İlham Əliyevin rəhbərliyi ilə qısa zaman kəsiyində bazar iqtisadiyyatına keçid dövrü başa çatıb, dövlətimizin müdafiə qüdrəti artıb, iqtisadi, enerji, ərzaq və ekoloji təhlükəsizlik əsasən təmin edilib, əhalinin sosial rifahı xeyli yaxşılaşıb. Məhz Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin gələcəyi üçün uğurlu nəticələr və qüdrətli maliyyə təminatı yaradıb.

Bəzi statistik göstəriciləri qeyd etmək kifayətdir ki, aparılmış islahatların və görülmüş işlərin əzəmətini hiss edək: 1995-ci illə müqayisədə 2015-ci ildə ümumi daxili məhsul istehsalı real ifadədə 6,4 dəfə artıb, onun həcmi 1991-ci ildəki 0,5 milyon manatdan 2015-ci ildə 54 milyard manata, tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 2005-ci ilə nisbətən 13,4 faiz-bənd artaraq 69,3 faizə yüksəlmiş, özəl sektorun payı 1995-ci ilə nisbətən 51 faiz-bənd artaraq 81,2 faizə çatmışdır. Nəticədə Dünya Bankı tərəfindən ölkəmiz adambaşına milli gəlirinin həcminə görə 2005-ci ildə aşağı, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil edilib.

Əhalinin sosial təminatının yaxşılaşdırılması üçün hər il ölkədə minimum əməkhaqqının, pensiya və təqaüdlərin, ehtiyac meyarının, yaşayış minimumunun, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması təmin olunub. Belə ki, əhalinin real gəlirləri 1995-ci ilə nisbətən 9,8 dəfə artaraq 2015-ci ildə 4380, orta aylıq əməkhaqqı 2000-ci ildəki 44,3 manatdan 2015-ci ildə 467, orta pensiyanın məbləği 2001-ci ildəki 14 manatdan 2016-cı ildə 178 manata çatmış, yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 4,9 faizə enib.

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üç dövlət proqramı qeyri-neft sektorunun dayanıqlı inkişafı, regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün maliyyə təminatı yaradıb.

2004-2015-ci illər ərzində ölkədə 1 milyon 480 min yeni, o cümlədən 1 milyon 102 min daimi iş yerləri açılmışdır ki, onun da 66,4 faizi regionların payına düşmüşdür. Ölkənin strateji valyuta ehtiyatları 1995-ci ildə 250 milyon ABŞ dollarından (cəmi 2 aylıq mal və xidmətlərin idxalı) 2016-cı ilin sonuna 37 milyard ABŞ dollarına qədər artıb. Bunlardan əlavə, xarici və daxili mənbələrdən 1993-2015-ci illər ərzində ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala 184 milyard manat investisiyanın yatırılmasına nail olunmuş, investisiya qoyuluşunun illik həcmi 1993-cü ildə 6,3 milyon manatdan 2015-ci ildə 20 milyard manata qədər artıb. Bu hesaba 2004-2015-ci illərdə 2124 məktəb, 351 uşaq bağçası, 300 tibb, 144 mədəniyyət və turizm müəssisəsi, 82 idman və olimpiya idman kompleksləri tikilmiş, bərpa olunmuş və yenidən qurulub. Ölkənin şimal, cənub və qərb istiqamətlərində, həmçinin Bakıda, rayonlararası və rayon mərkəzlərini kəndlərlə birləşdirən 8,6 min km. uzunluğunda yollar, 320 yeni körpü, 39 yol ötürücüsü, 38 avtomobil tuneli və 55 yeraltı və yerüstü piyada keçidləri inşa olunub.

Uğurlu xarici siyasət kursu ölkəmizin əksər aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yeni müstəviyə qaldırmış, nəticədə Azərbaycanın ikitərəfli əlaqələri daha da möhkəmlənmiş, ölkəmiz 53-dən çox nüfuzlu beynəlxalq iqtisadi qurumların, siyasi və ictimai təşkilatların üzvlüyünə qəbul edilib. Aparılan uğurlu iqtisadi siyasət və islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Dünya Bankının “Doing Business” hesabatında ölkəmiz 2009-cu il üçün dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilib. Davos Dünya İqtisadi Forumu tərəfindən isə rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı dünyada 37-ci yerə layiq görülmüşdür. Bundan başqa, Dünya İqtisadi Forumunun 2016-cı il üçün açıqladığı İnsan Kapitalı İndeksi hesabatında Azərbaycan 130 ölkə arasında orta sıralarda (54-cü) yer almaqla Türkiyə, Çin, İndoneziya, Braziliya və Küveyt kimi ölkələri qabaqlayıb. Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası öz müsbət nəticələrini bütün sahələrdə olduğu kimi, Maliyyə Nazirliyinin fəaliyyətində, eləcə də dövlət maliyyəsinin idarə olunması və büdcə sahəsində də özünü göstərdi. Bu zəmində ölkə iqtisadiyyatının şaxələnməsi, makroiqtisadi göstəricilərin davamlı artımı, büdcə prosesinin beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsi, onun şəffaflığının, ünvanlığının və ictimaiyyətə əlçatanlığının təmin edilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Dövlət və icmal büdcə xərclərinin daha şəffaf və çevik idarə olunması, büdcənin sərbəst vəsait qalığının idarə edilməsi və ya idarəetməyə verilməsi, gəlirlərin xarici valyutada olan hissəsinin konvertasiya olunmadan xərclənməsi, birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaətdən istifadə edilməsi məqsədinə çatıb. Dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğun aparılmasına, büdcə təşkilatlarının göstərdikləri iş və xidmətlərə görə əldə etdikləri büdcədənkənar vəsaitlərin və ölkəyə xaricdən cəlb edilən kreditlərin müvafiq olaraq dövlət və icmal büdcələrin tərkibinə daxil edilməsinə nail olunmuşdur. Dövlət və icmal büdcə xərclərinin proqramlar və konkret tədbirlər əsasında proqnozlaşdırılmasına üstünlük verilmişdir ki, bu da hazırda xərclərin yarıdan çoxunu əhatə edir.

Dövlət büdcəsi xərclərinin strukturunun, tərtibi və icrası prosesinin təkmilləşdirilməsi, şəffaflığının, səmərəliliyinin və ünvanlığının təmin edilməsi istiqamətində mühüm addım olaraq bir sıra bölmələr üzrə xərclərin strukturuna yenidən baxılmış, xərclərin sahə strukturuna görə deyil, funksional istiqamətinə görə proqnozlaşdırılmasına üstünlük verilib. Eyni zamanda dövlət maliyyə nəzarəti işlərinin əhatəsi və keyfiyyəti, həmçinin büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində nəzarət daha da artırılıb.

Ənənəvi olaraq hər il dövlət və icmal büdcələrin layihələri üzrə məlumatları özündə birləşdirən təqdimat, vətəndaşın büdcə bələdçisi kitabı, dövlət büdcəsinin icrası ilə bağlı Azərbaycan Respublikasının qanun layihəsi və müvafiq hesabat Milli Məclisə təqdim olunmadan öncə Maliyyə Nazirliyinin rəsmi internet və sosial şəbəkələrdəki səhifələrində yerləşdirilərək ictimaiyyətə çatdırılır.

“Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin Azərbaycan üçün Fəaliyyət Proqramı” çərçivəsində həyata keçirilmiş “Azərbaycan Respublikasında dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək” adlı tvinninqin nəticəsi olaraq qabaqcıl Avropa təcrübəsinə, habelə Beynəlxalq Audit Standartlarına (ISA) uyğun olaraq risklərə istiqamətlənmiş nəzarət tədbirlərinin aparılması və xidmətin, onun regional bölmələrinin iş planlarının risklərin qiymətləndirilməsinin nəticələrinə uyğun tərtib edilməsi təmin olunmuş və bu işlərin tənzimlənməsi üçün bir sıra normativ hüquqi sənədlər hazırlanaraq təsdiqlənib.

Maliyyə hesabatlarının İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (IPSAS) uyğunlaşdırılması istiqamətində işlər davam etdirilərək, 24 adda Büdcə təşkilatları və bir adda qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları təsdiq edilib.

Dövlət büdcəsinin gəlir və xərclərini əhatə edən SAP proqramı bazasında “Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi”nin (XİİS) daha geniş tətbiqi və elektron xidmətlərə keçidin davam etdirilməsi, büdcə təşkilatları ilə canlı əlaqənin və kağız daşıyıcılarında sənədləşmənin minimuma endirilməsi üçün xəzinədarlıqda yaradılmış “Dövlət Xəzinədarlığı Agentliyinin İnternet Portalı” vasitəsilə elektron sənəd mübadiləsinə keçidlə bağlı Dövlət Xəzinədarlığı Agentliyində aidiyyəti tədbirlər həyata keçirilir.

Dövlət maliyyəsinin, eləcə də büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan uğurlu siyasətin və islahatların nəticələri bir sıra aparıcı və nüfuzlu beynəlxalq maliyyə institutlarının və qurumlarının reytinqində müsbət qiymətləndirilib. Dünyanın aparıcı maliyyə institutları və beynəlxalq təşkilatları sırasında olan Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Birliyi və digər təşkilatlarla ölkəmizdə dövlət maliyyəsinin, eləcə də büdcə prosesinin təkmilləşdirilməsi və şəffaflığının artırılması istiqamətində qurulmuş əməkdaşlıq və qarşılıqlı iş daha da genişlənib.

Azərbaycanda dövlət büdcəsinin tərtibi, təsdiqi və icrası proseslərinin və dövlət maliyyəsinin idarə olunması və hesabatlıqla bağlı həyata keçirilən tədbirlər öz müsbət əksini Dünya Bankı, Avropa İttifaqı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) tərəfindən Azərbaycanda uğurla başa çatdırılmış Dövlət Xərcləri və Maliyyə Hesabatlılığının (PEFA) qiymətləndirilməsi hesabatında da tapıb. Aparılmış qiymətləndirmə nəticəsində 31 göstəricidən 17 göstərici üzrə ciddi irəliləyişlər əldə edilib, o cümlədən 12 göstərici ən yüksək səviyyə olan A, 6 göstərici B+, 1 göstərici B, 6 göstərici C+, 2 göstərici isə C qiyməti alıb.

Hesabatda dövlət və icmal büdcə xərclərinin proqramlar və konkret tədbirlər əsasında proqnozlaşdırılmasının genişləndirilməsi, bütün dövlət xərclərinin dövlət və icmal büdcədə nəzərə alınması, büdcə təşkilatlarının göstərdikləri iş və xidmətlərə görə əldə etdikləri büdcədənkənar vəsaitlərin və ölkəyə xaricdən cəlb edilən kreditlərin müvafiq olaraq dövlət və icmal büdcələrin tərkibinə daxil edilməsi, maliyyə əməliyyatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq aparılması, dövlət büdcəsi xərclərinin icrasının xəzinədarlıqda tətbiq edilən müasir avtomatlaşdırılmış proqram (SAP) vasitəsi ilə həyata keçirilməsi dəyərləndirilib. Bunlarla yanaşı, dövlət (büdcə) öhdəliklərinin qəbulu və alışları üzərində nəzarətin artırılması, öhdəliklər çərçivəsində yaranan real borclar haqqında operativ məlumatın əldə edilməsi, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində əvvəlcədən (büdcə proqnozlaşdırılması və xərclərin icrası zamanı xəzinə nəzarəti vasitəsilə) və sonradan (təftiş və yoxlamaların aparılması) nəzarətin daha da artırılması, dövlət büdcəsinin tərtibi və ona yenidən baxılması mexanizminin təkmilləşdirilməsi və bu qəbildən olan digər islahatların aparılması ilə bağlı görülmüş işlər müsbət qiymətləndirilib. Beləliklə, qeyd olunan bu keyfiyyət dəyişiklikləri ilə ölkəmiz dünya birliyinə, onun iqtisadi sisteminə geniş inteqrasiya edib, dünyada baş verən proseslərin ortaya qoyduğu reallıqları bölüşən iştirakçısına çevrilib.

Bu reallıqlar zəminində dünya iqtisadiyyatında baş verən yeni iqtisadi təlatümlər və çağırışlar sözsüz ki, ölkəmizdən də yan keçmir. 2014-cü ilin ikinci yarısından etibarən dünya enerji və əmtəə bazarlarındakı şokların mənfi fəsadları ölkə iqtisadiyyatında keyfiyyətcə yeni makroiqtisadi şəraiti formalaşdırıb. Dünya enerji bazarlarında təklifin artması, tələbin isə həmin artımla ayaqlaşa bilməməsi ölkə iqtisadiyyatı üçün əsas gəlir və valyuta daxilolmasının mənbəyi olan neftin qiymətinin hələ də aşağı səviyyələrdə qalmasını şərtləndirir.

Yaranmış makroiqtisadi vəziyyətə cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında dayanıqlı iqtisadi artımın bərpası üçün 2016-cı ildən başlayaraq makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Milli iqtisadiyyat perspektivi və 11 iqtisadi sektora dair Strateji Yol Xəritəsi hazırlanaraq Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilibr. Həmin strateji sənədlər toplusunun qəbul olunması ilə ölkənin uzunmüddətli inkişaf məqsədləri müəyyən olunmuş, bu əsasda ölçülə bilən fəaliyyət göstəriciləri ilə birlikdə ortamüddətli hədəflər qoyulmuş və onlara çatmaq üçün müxtəlif sahələrdə iqtisadi siyasət islahatlarından ibarət tədbirlər planı təsdiqlənib. Bu islahatlar arasında pul və fiskal siyasətlərin daha sıx əlaqələndirilməsi, maliyyə-valyuta bazarlarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, iqtisadiyyatın daha da şaxələnməsi, qeyri-neft ixracının artırılması və idxalın əvəzləşdirilməsi məqsədilə kənd təsərrüfatının, sənayenin artım sahələrini müəyyən edərək üstün qaydada inkişaf etdirilməsi kimi tədbirlər xüsusi qeyd olunmalıdır.

İslahatların keçirilməsinə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əvvəlki illərdə yaradılmış nəhəng maliyyə-iqtisadi potensial hesabına formalaşmış ehtiyatlar və mövcud ictimai-siyasi sabitlik etibarlı zəmin yaradır.

Yeni islahatlar kursu Dünya İqtisadi Forumunun reytinqinə görə də uğurlu nəticələr verdi. Belə ki, bu günlər Dünya İqtisadi Forumunun açıqladığı 2017-ci il üzrə inklüziv artım və inkişaf hesabatında Azərbaycan inkişaf edən ölkələr arasında ikinci yerə yüksəlib.

2016-cı ilin sentyabr ayında Konstitusiyaya dəyişiklərlə bağlı həyata keçirilmiş ümumxalq səsverməsi də Prezident İlham Əliyevin yürütdüyü siyasət və yeni şəraitə uyğun qeyd olunan islahatyönlü inkişaf kursuna xalqımızın inamının və etimadının əyani göstəricisi olub.

Tam cəsarətlə söyləmək olar ki, bu gün yeni iqtisadi şəraitdə cənab İlham Əliyevin rəhbərliyi altında müasir dövrün çağırışlarına uyğun olaraq dövlət idarəçiliyində, iqtisadiyyatın bütün sahələrində böyük əzm və qətiyyətlə aparılan islahatlar, ölkəmizin nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində artan rolu və qlobal miqyaslı təşəbbüsləri qarşıdakı illərdə də dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradır, bizi ulu öndərin ideyaları və dərin islahatlar strategiyası ilə qarşıya qoyulmuş hədəfə - Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına daxil etməyə, xalqın rifahını yüksəltməyə doğru inamla aparır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti