Bakı. Trend:
Çin İctimai Elmlər Akademiyasının prezidenti, akademik Van Veyquan və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də olublar.
Qurumdan Trend-ə verilən məlumata görə, qonaqlarla Bakı Limanının infrastruktur imkanları, Avrasiya regionunda logistika və nəqliyyat sahəsində oynadığı qovşaq rolu, Çinin təşəbbüskar olduğu “Bir Kəmər, Bir Yol” qlobal layihəsi çərçivəsində mövcud olan əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Baş direktor Taleh Ziyadov Bakı Limanının Avropa və Asiya arasında mərkəz (hub) rolunu oynadığını, Limanın infrastrukturu, inkişaf konsepsiyası barədə məlumat verərək qeyd edib: “Yeni Bakı Limanının yükaşırma imkanları artıq gələn ildən 15 milyon tona çatacaq. Limanın Baş planının üçüncü fazasının icrasından sonra isə bu rəqəmin 25 milyon ton və 1 milyon TEU olması nəzərdə tutulur. Bakı Limanı Çin malları üçün yalnız tranzit ərazi olmayacaq. Burada qurulan Ələt Azad İqtisadi Zonada (AİZ) istehsal qurmaq, malların regional distribyutorluğunu həyata keçirmək, əlavə dəyər yaratmaq və məhsulu yaxın bazarlara ixrac etmək üçün Çin şirkətlərinə mükəmməl şərait yaradılacaq.”
Çin İctimai Elmlər Akademiyasının prezidenti, akademik Van Veyquan qeyd edibdir ki, Ələtdə qurulmaqda olan yeni müasir liman və AİZ Azərbaycan hökumətinin mühüm layihəsidir. Eyni zamanda adı çəkilən ərazi Çin hökumətinin həyata keçirdiyi “Bir Kəmər, Bir Yol” konsepsiyasında strateji məntəqə kimi qəbul olunur: “Ələt qəsəbəsində AİZ-in yaradılması Azərbaycanın, xüsusilə də Bakı Limanının beynəlxalq nəqliyyat dəhlizlərində əhəmiyyətini artıracaqdır. Çinin AİZ sayəsində uğurlu təcrübəsi var. Misal üçün vaxtı ilə balaca yaşayış məntəqələri olan Şenjen və Haynan indi böyük meqapolislərə çevriliblər. Biz öz təcrübəmizi Bakı Limanı ilə bölüşmək istərdik. ”
Görüşün nəticəsi olaraq Bakı Limanı və Çin İctimai Elmlər Akademiyası tərəfləri maraqlandıran mövzulara dair birgə tədqiqat işlərinin aparılmasına dair razılığa gəliblər.
Qeyd edək ki, Çin İctimai Elmlər Akademiyası ölkənin ictimai və humanitar elmləri üzrə ali strukturudur və öz ətrafında 35 elmi institutu birləşdirir.