Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin hazırlanması üzrə missiyası ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, ölkədə əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri diqqətə çatdırıb.
Nazir milli iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi nəticəsində yeni iş yerlərinin yaradılmasının daimi xarakter aldığını, məşğulluq imkanlarının artırılmasının işsizliyin kəskin şəkildə aşağı enməsi ilə nəticələndiyini qeyd edib: “Son illərdə dünya iqtisadiyyatında yaşanan kəskin böhranın ilk növbədə əmək bazarına mənfi təsir göstərməsinə baxmayaraq, milli səviyyədə reallaşdırılan çevik və məqdsədyönlü tədbirlər bu təsirin qarşısının alınmasına, əmək bazarında sabitliyin qorunub saxlanması ilə, eyni zamanda, məşğulluğun artırılmasına imkan verib. Xüsusən də kənd rayonlarında ənənəvi iqtisadi fəaliyyət sahələrinin dövlətin ardıcıl dəstəyi ilə inkişaf etdirilməsi və məşğulluq imkanlarının artırılması urbanizasiya probleminin həllində mühüm rol oynayıb. Yəni əvvəllərdə iş üçün kəndlərdən şəhərlərə axın mövcud olduğu halda, son illərdə bu proses əks istiqamətdə, yəni şəhərlərdən kəndlərə qayıdışla əvəz olunmağa başlayıb”.
Nazir ölkəmizdə icra olunan əmək bazarı proqramları, o cümlədən özünüməşğulluq proqramı barədə məlumat verib, bu proqramın aztəminatlı əhalinin tədricən ünvanlı yardım sistemindən özünüməşğulluq sisteminə keçidinə, beləliklə, onlar arasında ələbaxımlılığın qarşısını almağa və onlarda sahibkarlıq fəaliyyətini stimullaşdırmağa şərait yaratdığını bildirib: “Həmin proqram iştirakçılarının da böyük əksəriyyəti kənd rayonlarının sakinləridirlər və özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına yaratdıqları fərdi təsərrüfatlar da kənd təsərrüfatı sahələrini əhatə edir. Bu da ölkədə aqrar sahənin inkişafına yönələn islahatlara fəal dəstəkdir. Azərbaycanda yeni “İşsizlikdən sığorta haqqında” Qanun qəbul olunub və bu Qanuna əsasən növbəti ilin əvvəlindən ölkəmizdə tətbiqinə başlanılacaq işsizlikdən sığorta sistemi bazar münasibətləri şəraitində işsizlikdən müdafiə sisteminin qurulmasına səbəb olmaqla, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsinə imkan verəcək. Belə ki, hər il işsizlikdən sığorta sistemi vasitəsilə toplanacaq vəsaitin təqribən 40 faizə qədəri özünüməşğulluq proqramına yönəldiləcək və bununla da proqramın indikindən dəfələrlə çox ailəni əhatə etməsi təmin ediləcək”.
Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıqdan bəhs edən S.Müslümov ötən dövrdə birgə icra olunan «Azərbaycan Respublikasında Pensiya və Sosial Yardım islahatı Layihəsi” “Pensiya və Sosial Təminat Layihəsi” və “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin uğurlu nəticələrinin olduğunu vurğulayıb: “Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsi üçün görüləcək işlərdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıqdan irəli gələn imkanlardan da istifadə olunması diqqətdə saxlanılır. Ona görə hesab edirəm ki, Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin hazırlanması zamanı bu məsələnin, xüsusən də özünüməşğulluq proqramı çərçivəsində fərdi təsərrüfatlarını uğurla quran insanların həmin təsərrüfatlarını inkişaf etdirmələrinin dəstəklənməsinin də qeyd olunan layihədə əksini tapması önəmli ola bilər. Bu məsələyə yanaşmada 3 vacib istiqamətin nəzərə alınması məqsədəuyğundur: 1) kiçik həcmli ailə biznesləri özünüməşğulluq yolu ilə; 2) nisbətən böyük həcmli icma biznesi kənd investisiya layihəsi çərçivəsində; 3) orta həcmli ailə biznesinin isə özünüməşğulluq proqramı üzrə ayrılan vəsaitlərlə bank (məsələn AYİB) kreditlərinin kombinələşdirilmiş yolla maliyyələşdirməsi hesabına inkişaf etdirilməsi kənd yerlərində məşğulluğun artırılmasına böyük töhfə verə bilər”.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi təmsil etdiyi təşkilatla Azərbaycan arasında ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayıb, Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsi barədə ətraflı məlumat verib. O, əvvəlki müvafiq layihələr kimi bu layihənin də ölkəmizdə kənd rayonlarının sosial infrastrukturunun və kənd təsərrüfatının inkişafına, o cümlədən məşğulluq imkanlarının artırılmasına dəstək vermək məramına xidmət etdiyini bildirib. N.H.Naqvi özünüməşğulluq proqramının genişləndirilməsi işlərinin dəstəklənməsi məsələsinin də diqqətdə saxlanacağını qeyd edib. Dünya Bankının sosial inkişaf üzrə baş mütəxəssisi, Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsi üzrə tapşırıq qrupunun həmrəhbəri Tara Şarafudhin Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsi barədə təqdimatla çıxış edib.
Görüş təqdimat əsasında verilən məlumatlara dair müzakirələrlə və layihədə nəzərdə tutulan müvafiq istiqamətlərdə əməkdaşlıq imkanlarına dair fikir müvadiləsi ilə davam edib.