...

Nazirlik: Özünümaliyyələşmənin təmin edilməsi sığorta-pensiya sisteminin ən əsas uğurlarındandır

İqtisadiyyat Materials 28 Dekabr 2017 18:53 (UTC +04:00)
Ötən illərdə özünümaliyyələşmənin təmin edilməsi sığorta-pensiya sisteminin fəaliyyətində qazanılmış ən əsaslı uğurlardandır.
Nazirlik: Özünümaliyyələşmənin təmin edilməsi sığorta-pensiya sisteminin ən əsas uğurlarındandır

Bakı. Trend:

Ötən illərdə özünümaliyyələşmənin təmin edilməsi sığorta-pensiya sisteminin fəaliyyətində qazanılmış ən əsaslı uğurlardandır.

Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev açıqlamasında deyib.

Onun sözlərinə görə, 2006-cı ildən ölkəmizdə fəaliyyət göstərən sığorta-pensiya sisteminin ötən dövrdə öz-özünü maliyyələşdirməsi təmin edilməklə yanaşı, sosial sığorta daxilolmaları dövlət büdcəsinin öhdəliklərinə aid edilən və sığorta təminatı olmayan pensiya xərclərinin maliyyələşdirilməsinə də əhəmiyyətli töhfə verib:

"Sığorta-pensiya sisteminin paradiqmal xüsusiyyətləri sosial sığorta haqlarının bir sıra unikal cəhətlərini ortaya qoyaraq, bu haqların vergilərlə müqayisədə konseptual olaraq tamamilə fərqli iqtisadi və hüquqi məzmununu şərtləndirir və oxşar yanaşma əsasında baxılmasını istisna edir.

Dəfələrlə aydınlıq gətirilməsinə baxmayaraq, bəzi ekspertlər tərəfindən lazımi araşdırma və təhlillər aparılmadan, dövlətin pensiyaçılara münasibətdə fəal sosial müdafiə tədbirlərinin yanlış olaraq sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi təqdim olunması təəssüf hissi doğurur.

Sığorta-pensiya sisteminin real maliyyə nəticələri əsasında özünümaliyyələşdirmə vəziyyətinin qiymətləndirilməsi sistemin məhz özünəməxsus gəlir və xərclərinin, yəni ödənilmiş sosial sığorta haqları və bu ödənişlər müqabilində sistemin öz üzərinə götürdüyü sığorta təminatlı öhdəliklərin icrası vəziyyətinə istinad etməlidir. Bundan fərqli olaraq, təyinat şərtləri ödənilmiş sığorta haqları ilə əlaqəli olmayan bəzi pensiya komponentləri və onların maliyyələşdirilməsi üçün nəzərdə tutulan dövlət büdcəsinin transfertləri qeyri-sığorta xarakteri daşıdığına görə qeyd edilən qiymətləndirmədə nəzərə alınmamalıdır.

Məsələyə bir daha aydınlıq gətirilməsi baxımından pensiya xərclərinin maliyyə mənbələri əsasında fərqli komponentlər üzrə tərkibi haqqında məlumat vermək istərdim.

Sosial sığorta haqları hesabına maliyyələşən sığorta öhdəlikləri üzrə:

1992-2005-ci illər üçün hər sığorta stajı ilinə görə bu dövrdə ölkə üzrə ən yüksək orta aylıq əmək haqları əsasında qanunla təsbit edilmiş və hər il indeksləşdirilərək artırılan sabit rəqəmlə ifadə olunan pensiya məbləği;
2006-cı ildən etibarən fərdi uçotu aparılan ödənilmiş və hər il indeksləşdirilərək artırılan sosial sığorta haqlarının formalaşdırdığı pensiya kapitalı əsasında hesablanılan pensiya məbləği.

Dövlət büdcəsi hesabına maliyyələşən qeyri-sığorta öhdəlikləri üzrə:

sosial sığorta haqlarının ödənilmədiyi 1992-ci ildən əvvəlki dövrlər üzrə hər sığorta stajı ilinə görə pensiya məbləği
“Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə uyğun olaraq, Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə, şəhidlərin ailə üzvlərinə, Böyük Vətən müharibəsi iştirakçıları və əlillərinə, I qrup əlillərə və digər şəxslərin əmək pensiyalarına müxtəlif məbləğlərdə nəzərdə tutulan əlavələr;
“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, pensiyaları fərqli qaydada artırılan dövlət qulluqçuları, millət vəkilləri, hərbi qulluqçular və digər pensiyaçılara əmək haqları əsasında müəyyənləşdirilən və əmək haqlarında baş verən artıma uyğun artırılan qulluq stajına görə əlavələr".

E.Babayev deyib ki, pensiya xərclərinin qeyd edilən komponentlər üzrə bölgüsünə uyğun maliyyə mənbələrinin fərqləndirilməsinə nümunələr əsasında baxmaq məqsədəuyğun olardı:

"Məsələn, 1976-2016-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuş şəxs 2017-ci ildə müvafiq yaş həddinə çataraq pensiyaya çıxarkən, ona təyin olunmuş pensiya məbləğinin 1976-1991-ci illərə görə hesablanmış hissəsi dövlət büdcəsinin transfertləri, sonrakı illər üçün isə sosial sığorta haqları hesabına maliyyələşməlidir. Həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi üzrə əlavə almaq hüququ varsa, bu əlavə məbləğinin də maliyyələşməsi dövlət büdcəsinin transfertindən aparılmalıdır.

Digər nümunə isə Qanunun 20-ci maddəsi ilə qulluq stajına görə əlavə hüququ olan şəxsin pensiyasının maliyyələşmə qaydası ilə bağlıdır. Əgər dövlət qulluqçusu kimi pensiyaya çıxan şəxsin şərti olaraq pensiya məbləği ümumi qayda ilə (yəni ödənilmiş sığorta haqları müqabilində sistemin öz üzərinə götürdüyü öhdəliyin məbləği) 300 manat, dövlət qulluqçusu kimi isə 25 illik stajı olmaqla əmək haqqının 80 faizi hesabı ilə 640 manat olarsa, ona ödənilən 640 manatlıq pensiyanın ümumi qayda ilə hesablanan 300 manatı sosial sığorta haqları hesabına, qalan 340 manatı, yəni sığorta təminatı olmayan qulluq stajına görə əlavə isə dövlət büdcəsinin transfertləri hesabına ödənilməlidir.

Bu əsasda formalaşan dövlət büdcəsindən maliyyələşdirilən pensiya xərcləri sığorta prinsiplərinə söykənmədiyindən pensiya sistemində təmin olunmamış maliyyə öhdəlikləri yaradır. Sistem üzərində bu dövlət öhdəliklərinin maliyyə yükü dövlət büdcəsindən ayrılan transfertin həcmini bir qayda olaraq üstələyir ki, bu da həmin öhdəliklərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitlərinin də yönəldilməsini şərtləndirir. Dövlət öhdəliklərinə aid pensiya xərclərinin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitləri ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalı kimi qeydə alınmaqla, eyni zamanda, gələcək sığorta-pensiya öhdəliyini də formalaşdırır. Xüsusilə qeyd edilməlidir ki, dövlət büdcəsi transfertlərinin pensiya sisteminin gəlirlərindəki xüsusi çəkisinin azalması şəraitində (Dövlət Sosial Müdafiə Fondunun təsdiq olunmuş büdcəsi üzrə bu göstərici son 5 ildə 5,2 faiz bənd aşağı düşmüşdür) pensiya sisteminin sığorta öhdəlikləri büdcəyə hər hansı maliyyə yükü yaratmamış, əksinə, dövlət büdcəsindən maliyyələşən pensiya öhdəliklərinin reallaşdırılmasında istifadə edildiyi üçün bu yükün azalmasına xidmət edib.

Göründüyü kimi, 2006-cı ildən ölkəmizdə fəaliyyət göstərən sığorta-pensiya sisteminin ötən dövrdə öz-özünü maliyyələşdirməsi təmin edilməklə yanaşı, sosial sığorta daxilolmaları dövlət büdcəsinin öhdəliklərinə aid edilən və sığorta təminatı olmayan pensiya xərclərinin maliyyələşdirilməsinə də əhəmiyyətli töhfə verib.

Məhz qeyd edilənlərdən irəli gələrək, pensiya qanunvericiliyində 1 iyul 2017-ci ildən qüvvəyə minən dəyişikliklər də pensiyaların maliyyələşmə mənbələrinin dəqiqləşdirilməsini, bu əsasda qeyd edilən dövlət öhdəliklərinin tam həcmdə dövlət büdcəsindən ayrılan vəsaitlər, digər bütün pensiya məbləğlərinin isə məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilməsini nəzərdə tutur. Bu islahat tədbirinin əsas məqsədi pensiya sisteminin sığorta təminatı olmayan maliyyə yükünün minimallaşdırılaraq, resurs potensialının gücləndirilməsidir".

Nazirlik rəsmisi qeyd edib ki, pensiya məbləğini yalnız ödənilən sığorta haqlarının həcmi ilə uzlaşdıran tam sığorta prinsipinin tətbiqi ölkəmizin beynəlxalq təcrübədə qəbul edilmiş mütərəqqi pensiya təminatı modellərindən olan Bismark modelinə söykənən sığorta-pensiya sisteminin paradiqmal mahiyyətindən irəli gəlir:

"Tam sığorta prinsipi vətəndaşların qazandığı pensiya hüquqları və sistemin öz üzərinə götürdüyü maliyyə öhdəliklərini bilavasitə ödənilmiş sosial sığorta haqları ilə əlaqələndirərək bunlar arasında sərt aktuar asılılğı, bununla da sistemin gəlir və xərcləri arasında tarazlığı vacib edir. Pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığına xidmət edən bu vacib şərtin həm pensiya sistemi üzrə bütövlükdə, həm də hər bir sığortaolunan üzrə fərdi olaraq yerinə yetirilməsi isə sığortaolunanların ömür boyu əmək fəaliyyəti göstəricilərinin uçotunu tələb edir ki, bu da fərdi uçot sistemi vasitəsilə reallaşdırılır.

İşləyən hər bir vətəndaşa pensiya hüququnun adekvat təminat əsasında reallaşdırılması üçün fərdi sığorta ehtiyatını formalaşdırmaq özəlliyinə uyğun olaraq, bu model çərçivəsində sosial sığorta haqlarının fərdi uçotu aparılmaqla əvəzli məcburi ödəniş xarakterinə və hər bir fərd üzrə sərt məqsədli təyinata malik olmaq kimi meydana çıxan unikal cəhətləri bu haqların vergilərlə müqayisədə konseptual olaraq tamamilə fərqli iqtisadi və hüquqi məzmununu şərtləndirərək oxşar yanaşma əsasında baxılmasını istisna edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti