Bakı. Trend:
Prezident İlham Əliyev Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.