...

Prezident İlham Əliyev Sabirabad rayonunun kəndlərində əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına 22 milyon manatdan çox vəsait ayırıb

İqtisadiyyat Materials 3 Mart 2018 18:55 (UTC +04:00)
Prezident İlham Əliyev Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Sabirabad rayonunun kəndlərində əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına 22 milyon manatdan çox vəsait ayırıb

Bakı. Trend:

Prezident İlham Əliyev Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son illərdə iqtisadiyyatın mühüm sahələrindən olan qeyri-neft sektorunun inkişafı ilə yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilib, əkinəyararlı torpaqlardan və mövcud su resurslarından səmərəli istifadə istiqamətində mühüm addımlar atılıb, minlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb olunub və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalında davamlı artım meyilləri formalaşıb.

Respublikada pambıqçılıq, taxılçılıq və digər kənd təsərrüfatı bitkilərinin və heyvandarlıq məhsullarının istehsalında böyük artıma nail olmaq məqsədilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və yeni suvarılacaq torpaqların istifadəyə verilməsi üçün mühüm tədbirlər həyata keçirilib, su anbarları, nasos stansiyaları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilib. Görülmüş tədbirlərin davamı olaraq, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayında nasos stansiyasının və "H" kanalının yenidən qurulması nəticəsində 2017-ci ildə 4147 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib.

Sərəncamda qeyd edilir ki, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün "H" kanalının yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinin başa çatdırılması və daha 7551 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 22 358 000 (iyirmi iki milyon üç yüz əlli səkkiz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Azərbaycan Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti