...

Cocuq Mərcanlıda poçt bölməsi açılıb

İqtisadiyyat Materials 2 Aprel 2018 14:28 (UTC +04:00)
"Azərpoçt" MMC Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində poçt bölməsi açıb.
Cocuq Mərcanlıda poçt bölməsi açılıb

Bakı. Hüseyn Vəliyev - Trend:

"Azərpoçt" MMC Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində poçt bölməsi açıb.

Bu barədə Trend-ə poçt rabitəsi bazarındakı mənbə deyib.

Hazırda bölmədə sakinlərə ənənəvi poçt xidmətləri göstərilir.

Mənbə bildirib ki, perspektivdə xidmətlərin siyahısı genişlənəcək və poçt operatoru maliyyə xidmətlərini də işə salacaq. Poçt bölməsində maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı müraciət artıq müvafiq instansiyaya göndərilib.

Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanıb. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və respublikamızın müxtəlif bölgələrində məskunlaşmış Cocuq Mərcanlı kənd sakinlərinin öz doğma yurdlarına qayıtmaq barədə müraciətlərini nəzərə alaraq, 2017-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti