...

Bakıda Türkmənistanın “Berkarar” gəmisinin təmiri yaxın vaxtlarda başa çatacaq

İqtisadiyyat Materials 6 Aprel 2018 17:19 (UTC +04:00)
Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyevlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də görüş keçirilib.
Bakıda Türkmənistanın “Berkarar” gəmisinin təmiri yaxın vaxtlarda başa çatacaq

Bakı. Trend:

Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyevlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də görüş keçirilib.

QSC-dən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən dənizçilik sahəsində artan dinamika üzrə inkişaf etdiyi qeyd edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev hazırda Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təmirə dayanan Türkmənistana məxsus “Berkarar” gəmisində işin gedişi haqqında səfirə ətraflı məlumat verib. Qeyd edib ki, gəmiyə lazımi texniki dəstək göstərilir və təmir yaxın vaxtlarda uğurla başa çatacaq.

Görüşdə tranzit yükdaşımalar sahəsində mümkün əməkdaşlıq imkanları ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Bundan başqa, “AXDG” QSC-nin sədri R.Vəliyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun uğurlu fəaliyyəti və əhəmiyyəti haqqında da qonağa məlumat verib. Bildirib ki, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə daxil olan tərəflərin vahid komanda kimi fəaliyyəti artıq bəhrəsini verir.

“Berkarar” gəmisinin təmirində göstərdiyi köməkliyə görə “AXDG” QSC-nin rəhbərliyinə minnətdarlıq edən səfir Mekan İşanquliyev ölkəsinin Azərbaycanla gəmiçilik sahəsində əməkdaşlıqda hər zaman maraqlı olduğunu diqqətə çatdırıb.

Bununla belə, görüşdə Gəmiçiliyin Xəzər Dəniz Neft Donanmasına aid gəmilərinin xidmətlərindən istifadə, Azərbaycan Dövlət Dəniz Akademiyasında və onun nəzdində fəaliyyət göstərən dənizçilik sahəsində regionun ən güclü Təlim Tədris Mərkəzində Türkmənistan vətəndaşlarının təhsil və təlim keçməsi məsələləri də müzakirə olunub.

Səmimi mühitdə davam edən görüşdə xüsusilə vurğulanıb ki, iki ölkəni təkcə Xəzər dənizi deyil, eyni zamanda xalqlarının eyni köklərə bağlılığı birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti