...

Prezident İlham Əliyev: Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edəcək

İqtisadiyyat Materials 13 İyun 2018 00:39 (UTC +04:00)
Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edəcək
Prezident İlham Əliyev: Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edəcək

Bakı. Trend:

Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində keçirilən Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: "TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır".

Prezident İlham Əliyev qeyd edib ki, TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir: "Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. "Cənub Qaz Dəhlizinin" rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilmişdir. "Cənub Qaz Dəhlizi" dörd böyük layihədən ibarətdir. "Şahdəniz-2" qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan "Cənub Qaz Dəhlizi" icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın".

Azərbaycan Prezidenti bildirib ki, "Cənub Qaz Dəhlizi" Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir: "Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti