...

“Ports&Harbors” jurnalı: Azərbaycanın uğurunun səbəbi ölkənin inkişaf missiyası və vizionu ətrafında olan milli həmrəylikdir

İqtisadiyyat Materials 26 İyul 2018 18:17 (UTC +04:00)
Azərbaycanın uğurunun səbəbi ölkənin inkişaf missiyası və vizionu ətrafında olan milli həmrəylikdir
“Ports&Harbors” jurnalı: Azərbaycanın uğurunun səbəbi ölkənin inkişaf missiyası və vizionu ətrafında olan milli həmrəylikdir

Bakı. Trend:

Böyük Britaniyada dərc olunan “Ports&Harbors” jurnalının iyul-avqust buraxılışında cari ilin 8-11 may tarixlərində Avrasiya məkanında ilk dəfə Bakıda keçirilən Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) Dünya Limanları Konfransına xüsusi diqqət ayrılıb.

Adı çəkilən konfransda iştirak edən jurnal redaktoru Penni Tomas (Penny Thomas) IAPH-in idarə heyətinin siyasət və strategiya üzrə rəhbəri Patrik Verxoven və bestseller yazıçı, beynəlxalq əlaqələr mütəxəssisi Paraq Xannanın şərqlə qərbi əlaqələndirmək və mərkəz yaratmaq istiqamətində Bakı Limanının planları, o cümlədən IAPH Bakı-2018 konfransı haqqında fikirlərini öyrənib.

Trend “Ports&Harbors” jurnalının redaktoru Penni Tomasın məqaləsini nəzərinizə çatdırır:

Bakıda may ayında Beynəlxalq Limanlar Assosiyasiyasının Bakı 2018 Dünya Limanlar Konfransı çərçivəsində əsas müzakirə mövzusu olan və Çinin reallaşdırdığı “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Bakının rolunun elə də uzaqda olmadığı göstərildi. Konfransda iştirak edən 65 ölkədən 400-dən çox nümayəndə Bakı Limanının inkişaf edən Avrasiya logistik zəncirində öz yerini gücləndirmək planları ilə yaxından tanış oldu.

IAPH-in prezidenti Santiaqo Qarsia-Mila, bu konfransın Avrasiya məkanında ilk dəfə məhz Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladı. "Biz əvvəllər Sinqapur və Dubay kimi yerlərdə gördüyümüz inkişafa hal-hazırda dünyanın bu hissəsində şahid oluruq. Burada əsas fərq ondan ibarətdir ki, Bakı təkcə ticarət limanı deyil, Şərqlə Qərb, eləcə də, Şimalla Cənub arasında qovşaq kimi sürətlə inkişaf edən, okeana birbaşa çıxışı olmayan bir mərkəzdir. Fakt odur ki, Dubay limanları və Hyperloop kimi qlobal oyunçuların buraya sərmaye yatırması beynəlxalq limanların ümumi mənzərəsinə əsaslı surətdə təsir edəcək faktorların olduğunu göstərir".

Həm Xanna, həm də Verxoven Bakıda təqdirəlayiq bir prosesin baş verdiyi barədə həmfikirdirlər. "Mən buraya 15 ildir ki, gəlirəm və Bakının bu işin öhdəsindən necə yüksək səviyyədə gəlməsi məni heyrətləndirir", deyə Xanna bildirib. "Görülən işlər siyahısı əslində Dubay modelini təkrarlamaqdan daha çox şeyi ehtiva edir. Bu hər şeydən öncə əlverişli daşınmaz əmlak imkanı və təhsil sisteminin inkişaf etdirilməsinə yönəlmiş sərmayədir”.

Verxoven də, bununla razılaşır. O qeyd edib ki, dünyanın ən inkişaf etmiş ölkələrindən fərqli olaraq, Bakı azad iqtisadi zonası ətrafında tamamilə yeni qonşuluq mühiti qurur və tədarük zəncirində olduğu kimi, ticarətdə rəqəmsal yeniliklərdən istifadə edir. Bu təkcə hər-hansı bir binanın yaxud avadanlığın tikintisi ilə məhdudlaşmayan, şirkətlərin özlərini təsis etməsi üçün işgüzar mühitin formalaşdırıldığı hərtərəfli bir sistemdir. Tam olaraq, bu Dubay və bir qədər əvvəl Sinqapurun da qəbul etdiyi modeldir.

Verxoven Bakının gələcəyinin və qətiyyətinin kifayət qədər qiymətləndirilmədiyini və neftə əsaslanan iqtisadi aslılıqdan uzaqlaşdığı üçün şəhərə daxil olan sərmayə və planlaşdırma səviyyəsinə təəccübləndiyini qəbul edir.

Xanna isə fikrini belə tamamladı ki, həm Azərbaycan, həm də Dubay bir ölkədə müvəffəqiyyət qazanmaq üçün istədiyimiz ən vacib şeylərə sahibdir: “Bu, uğurlu gələcək və ümumi missiya ətrafında olan milli həmrəylikdir".

Konfransda adıçəkilən şəxslərlə yanaşı dünyanın hər nöqtəsindən tanınmış spiker və mütəxəssislər də iştirak ediblər. Dubay limanının sədri və icraçı direktoru Sultan Əhməd bin Sulayem, IAPH Bakı 2018-in açılış mərasiminin keçirildiyi Zaha Hadidin memarı olduğu möhtəşəm Heydər Əliyev mərkəzində belə qeyd etdi: “Liman mərkəzli konsepsiya üçün ən uğurlu model - liman, azad zona və alt zonaları özündə birləşdirən sistemdir”.

Spikerlər arasında həmçinin, İtaliyanın Trieste limanının prezidenti Zeno D'Aqostino, Antverp Universiteti və Şanxay Universitetinin professoru Teo Nottebum, Dubay Logistika Şəhərinin sabiq icraçı direktoru Maykl Proffitt, Quanco Limanının baş direktorunun müavini Yuan Yu, Panama Dəniz Təşkilatında limanlar və dəniz sənayesi üzrə baş direktor Quimara Tunon Querra iştirak edib.

Xatırladaq ki, 8-11 may, 2018-ci il tarixlərində Bakı şəhərində "Gələcəyin limanları: mərkəzlərin yaradılması, bağlılığın sürətləndirilməsi" mövzusunda Beynəlxalq Limanlar Assosiyasiyasının konfransı keçirilib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ev sahibliyi edilən bu konfrans Beynəlxalq Limanlar Assosiyasiyası tarixində ən müvəffəqiyyətli və ən çox iştirakçı sayı ilə seçilən konfrans olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti