Bakı. Trend:
İqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə görüşüb.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyətinə, o cümlədən ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə və s. sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.
Qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün lazımi hüquqi baza mövcuddur.
Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və s. sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2018-ci ilin yanvar-iyun aylarında ölkələrmiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 mlrd. dollardan çox investisiya qoyulub ki, bunun da 1 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yönəldilib. 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi”nin siyasi-iqtisadi əhəmiyyətini bir daha vurğulayan iqtisadiyyat naziri hazırda Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi layihələrinin qlobal enerji təhlükəsizliyndə önəmini diqqətə çatdırıb, ölkəmizin geniş tranzit imkanları barədə məlumat verib. Bildirilib ki, ABŞ-ın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ölkəmizdə bir sıra layihələrin icrasına 350 mln. dollar vəsait ayırıb. Amerika Ticarət Palatası ilə uğurlu əməkdaşlıq çərçivəsidə iki ölkənin iş adamları arasında keçirilən görüşlər iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verir.
Azərbaycan Hökuməti və ABŞ-ın USAİD təşkilatı tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.
Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan Şahin Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir və bu sahəyə investisiya qoyuluşu, sənaye, əczaçılıq, kənd təsərrüfatı, ticarət, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Görüşdə Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrində investorlar üçün əlverişli şərait yaradıldığı vurğulanıb və ABŞ şirkətlərinin bu imkanlardan istifadə etməklə sənaye zonalarına investisiya yatırması imkanlarını diqqətə çatdırılıb. ABŞ-ın kiçik və orta sahibkarlıq sahəsində böyük təcrübəsinin olduğunu qeyd edən İqtisadiyyat naziri Kiçik və Otra Biznesin İnkişafı Agentliyinin yaradılğını diqqətə çatdıraraq, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, ticarət əlaqələrinin genişləndirilməsi üçün işgüzar dairələrin iştirakı ilə biznes forumlar, ixrac missiyalarının təşkilinin önəmini qeyd edib.
ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiters “Azərbaycan Rəqabətlilik Forumu 2018"də iştirak etmək üçün ölkəmizə səfər etdiyini qeyd edərək, Forumun yüksək səviyyədə təşkilindən, ABŞ şirkətlərinin Forumda iştirakından məmnunluğunu ifadə edib. Brayn Makfiters bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, sahibkarlığın inkişafı sahəsində görülən işlər ABŞ-da da müsbət qarşılanır. Bir sıra ABŞ şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini qeyd edən Brayn Makfiters vurğulayıb ki, Azərbaycanın regionda enerji sahəsində güclü mövqeyə malik olması, sabitliyini qoruyub saxlaması ABŞ iş adamlarının, eləcə də USAİD-in və SEDA layihəsinin Azərbaycana marağını daha da artırır. ABŞ şirkətləri Azərbaycanda digər sahələrlə yanaşı, turizm, kənd təsərrüfatı, alternativ enerji və s. sahələrində də əməkdaşlığın genişləndirlməsində maraqlıdırlar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.