...

"Tesla" xaricdə ilk zavodunu Çində tikir

İqtisadiyyat Materials 7 Yanvar 2019 16:07 (UTC +04:00)

Bakı. Trend:

"Tesla" şirkəti Çində özünün ilk elektromobil yığımı müəssisəsinin inşasına başlayıb.

Trend-in məlumatına görə, zavod Şanxay yaxınlığındakı Linqan sənaye zonasında yerləşəcək.

Yeni zavod şirkətin ABŞ hüdudlarından kənarda yerləşən ilk müəssisəsi, eləcə də Çinin avtomobil sənayesində 100 faiz xarici kapitala malik ilk zavod olacaq.

"Tesla" ilə Linqan inzibati rayonu və "Linqan" korporasiyası arasında zavodun tikintisi üzrə saziş 2018-ci ilin iyulunda imzalanıb. 2020-ci ilədək "Tesla Model 3" yığılmış modelini buraxmaq planlaşdırılır.

Sənədə əsasən, ABŞ şirkəti illik istehsal həcmi 500 minədək avtomobil olan müəssisənin tikintisinə özü investisiya qoyacaq. Sərmayənin həcmi açıqlanmasa da, yerli KİV bu layihənin Şanxay tarixində istehsalatda xarici kapital qoyuluşu baxımından ən iri layihə olduğunu yazır.

Ötən il avqustun əvvəlində "Bloomberg" agentliyi məlumatlı mənbəyə istinadən "Tesla"nın zavodun inşasına 5 milyard dollar ayırmağa hazır olduğunu bildirirdi.

Həmçinin sazişə əsasən "Tesla" zavod üçün ayrılmış ərazidən (864,8 min kv.m) ticari məqsədlə 50 il istifadə etmək hüququna malikdir.

Qeyd edək ki, Şanxay müəssisənin tikintisi üçün təsadüfən seçilməyib. Belə ki, məhz bu meqapolis Çində elektromobillərdən istifadə üzrə ilk yeri tutur. 2017-ci ilin sonuna şəhərdə 165 min belə avtomobil var idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti