Bakı. Trend:
Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə bu gündən ölkəmizdə minimum əməkhaqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılır.
Hər iki artım respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 min insanı əhatə edir ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım edilir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ay ərzində 335 milyon manat əlavə vəsait ayrılacaq.
Minimum pensiya məbləğinin artırılması isə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz, 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz və s. artımlar edilir. Artımın edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək.