Bakı. İlhamə İsabalayeva - Trend:
Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorların yaradılması nəzərdə tutulur. Bütün bunlar isə kiçik və orta sahibkarlar arasında qadınların sayını daha da artıracaq.
Trend-in məlumatına görə, bunu 3-cü “SHE Congress 2019” (“Smart. Happy. Elegant.”) – qadınların liderlik və sahibkarlıq konfransında çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O qeyd edib ki, ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafı Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir: "Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar. Qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta biznesdə geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir".
O.Məmmədov bildirib ki, ölkə üzrə fərdi sahibkarların təqribən 20%-ni qadınlar təşkil edir: "KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri qadın sahibkarlığın inkişaf etdirilməsidir. Qadın sahibkarlığının inkişafı məqsədilə həyata keçirilən tədbirlərin miqyası və əhatə dairəsi genişləndiriləcək. O cümlədən qadın sahibkarlar üçün maarifləndirmə və konsaltinq xidmətləri, kreditləşmə və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu istiqamətdə layihə və proqramlar hazırlanan zaman, xüsusilə regionlarımızda qadın məşğulluğu diqqət mərkəzində olacaq, qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdirilərək müvafiq tədbirlər görüləcək".