Bakı. Trend:
“JW Marriott Absheron Baku” hotelində “SHE Congress 2019” (“Smart. Happy. Elegant.”) – qadın sahibkarlığına dair üçüncü illik tədbir keçirilib.
Trend-in məlumatına görə, Konqresdə Azərbaycan və digər ölkələrdən karyeranı nə cür qurmaq və sürətlə dəyişən dünyada öz yerini necə tapmaq üçün təcrübələri ilə bölüşmək məqsədilə işgüzar dairələrdən 500-ə yaxın qadın iştirak edib.
”Dəyişikliklərə doğru” – “SHE Congress”in builki şüarıdır. Dünya hər an dəyişir və bizim məqsədimiz yenilik və dəyişiklikləri yaradıcı məcraya istiqamətləndirməkdə uğurlu bələdçi olmaqdır. Artıq üçüncü ildir ki, “SHE Congress” ən yaxşı qadın və kişi spikerləri, qonaqları ilhamlandıran əsl “role models”ləri bir araya gətirir. Konqresin auditoriyası ildən-ilə artır, biz bununla fəxr edirik, belə ki, qadınların biznesdə qazandıqları uğur təkcə ailələrə deyil, ölkə iqtisadiyyatına da öz bəhrəsini verir”, - deyə “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyətinin rəhbəri və Konqresin təşkilatçısı Tatyana Mikayılova bildirib.
“Dünya arenasında Azərbaycanın gələcək inkişafı üçün bizə iqtisadi cəhətdən müstəqil və güclü qadınlar lazımdır. Biz onların işgüzar mühitdə fəal olmaları üçün çalışırıq və onların təhsil səviyyəsini artırmaq üçün bütün imkanları genişləndiririk. 100 il bundan öncə Şərqdə seçki hüququnu ilk dəfə olaraq məhz Azərbaycan qadınları əldə ediblər , və bu gün ölkəmizdə sənət seçimində qadınların qarşısında heç bir maneə yoxdur. Biz “SHE Congress 2019”un qonaqlarını və iştirakçılarını salamlamlayırıq. Bu Konqres yeni biliklərə yiyələnmək, peşəkarlıq səviyyəsinin artırılması və gələcək nailiyyətlərin əldə olunması baxımından təcrübə mübadiləsi üçün unikal bir şansdır”, - deyə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib.
Konqresdə ABŞ, Böyük Britaniya, Danimarka, İsrail, Kanada, Türkiyə, Fransa, Ukrayna və Estoniyadan olan ekspertlər çıxış ediblər. Tədbirə Özbəkistan, Kanada, Rusiya və İsveçin biznes dairələrinin də nümayəndələri qonaq qismində qatılıb. Ukraynanın nümayəndə heyəti isə Konqresə “SHE Exports” səfəri çərçivəsində qatılıb və Azərbaycandan olan həmkarları və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ilə işgüzar görüşlər keçirib.
“Bu gün Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların mikro, kiçik və orta biznesdə geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, artıq qadınlarımız ölkəmizdə sahibkarlığın inkişafında mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar. Qeyd etmək istərdim ki, ölkə üzrə fərdi sahibkarların təqribən 20%-ni qadınlar təşkil edir. KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri qadın sahibkarlığının inkişaf etdirilməsidir. Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorlarının yaradılması nəzərdən keçiriləcək. İnkubatorların yaradılması və inkişafı qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması baxımından əhəmiyyətli olacaq, qadın sahibkarlığı sahəsinə investisiyaların cəlb olunması və maliyyələşmə üçün əlavə imkanlar yaradacaq. Hesab edirik ki, qadınlarımızın potensialından tam istifadə etmələri üçün hələ də görüləsi işlər çoxdur. Əminəm ki birgə səylərimiz nəticəsində ölkədə qadınların sahibkarlıq fəaliyyəti daha intensiv xarakter alacaq, kiçik və orta sahibkarlar arasında qadınların sayı daha da artacaqdır”, - deyə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib.
“SHE Congress 2019” birbaşa olaraq tədbirin şüarını təcəssüm edir. Tədbir iştirakçıları Böyük Britaniyadan olan fasilitator Robin Fritsin interaktiv proqramı və “SKIFFER” onlayn-platforması sayəsində Konqresdə çıxış edənlərə suallarını verə biliblər.
Əsas spikerlərinin – “Mastercard”ın kommunikasiya üzrə direktoru Selin Selimoğlu, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin təchizat sistemləri direktoru Rəna Məmmədova və “PASHA Bank”ın korporativ kommunikasiyalar üzrə direktoru Sona Abbasovanın çıxışları gələcəkdə dünyanın inkişafının ayrılmaz hissəsi olacaq qadın innovasiyaları, qadın liderliyinin fəlsəfəsi və qadınların qlobal iqtisadiyyatda və cəmiyyətin inkişafında rolu kimi məsələləri qaldırdı.
Panel diskussiyaları zamanı iştirakçılar peşə və biznesi qadın və kişiyə ayırmağın nə dərəcədə doğru olmasını, Azərbaycanda şəxsi biznesin inkişafı üçün və hədsiz müasir dünyada rəqabət şəraitində nəyə əsaslanmağı müzakirə ediblər.
Konqresdə müxtəlif peşələrin sahibləri spiker qismində çıxış ediblər. Belə ki, “There is no male or female world” panelində “Qranit” mədənçıxarma şirkətinin təsisçisi Rübabə Mürşüdova, Azərbaycan Dövlət Opera və Balet Teatrının prima-balerinası Nigar İbrahimova, FHN-nin xilasedicisi Sima Səfərova, futbol üzrə U-15 və U-17 milli yığma komandalarının məşqçisinin köməkçisi Əminə Həsənova və “Art of Movement” platformasının təsisçisi Əli Mərdənov çıxış edərək tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Builki tədbir qadın liderliyi və sosial sahibkarlıq mövzusuna xüsusi diqqət ayıran tərəfdaşların dəstəyi ilə təşkil olunub. Onların sırasında “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyəti, ödəniş texnologiyaları üzrə qlobal lider sayılan “Mastercard” şirkəti və qadınların biznesə cəlb olunması üzrə genişmiqyaslı proqramı tətbiq edən “Coca-Cola” şirkəti tərəfində xüsusi hazırlanan “SHE leads” qadın liderliyi proqramını uğurla həyata keçirən “PASHA Bank” mövcuddur. Tədbirin nəqliyyat tərəfdaşı qismində dünyada ən iri marşrut şəbəkəsinə malik olan “Türk Hava Yolları” aviaşirkəti çıxış edir ki, onun sayəsində beynəlxalq ekspertlərin Konqresdə iştirakı üçün şərait yaradılıb. Tədbiri ilk dəfə dəstəkləyən və bütün dünyada qadınları yeniliklərə ilhamlandıran “Always” brendinə və Azərbaycanın təbii kosmetika brendi olan “Gazelli”yə xüsus təşəkkürümüzü bildiririk.
Konqres Almaniyadan olan ekspert Arlett Bentsen tərəfindən keçiriləcək “Happiness” paneli ilə yekunlaşıb. Biznesdə təmsil olunan qadın yadda saxlamalıdır ki, sülh, xoşbəxtlik və harmoniya – bunlar təkcə xoş əhval-ruhiyyə deyil, həm də uğurlu işin səbəbləridir. Bəzən, daxili xoşbəxtliyi tapmaq üçün ətrafdakı dünya ilə birgə dəyişmək lazımdır.
***
Konqres “RED Communications” agentliyinin icraçı partnyoru, “Edutainment.az”ın həmtəsisçisi, Azərbaycan Respublikasında qadın sahibkarlığının inkişafına verdiyi dəstəyə görə “Tərəqqi” medalına layiq görülən Tatyana Mikayılovanın rəhbərlik etdiyi “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyəti tərəfindən təşkil olunub.
“Azərbaycanın 100 işgüzar qadını” Facebook və Instagram səhifələrində.