...

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub (FOTO)

İqtisadiyyat Materials 18 Mart 2019 12:45 (UTC +04:00)

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və "Azərişıq" ASC elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydaları və təkmilləşdirlimiş elektron müraciət sisteminin təqdimat mərasimini keçirib.

Trend-in məlumatına görə, tədbir zamanı “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin sədr müavini Elçin İbrahimov, İqtisadi İslahatların Təşkili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı, "Azərişıq" ASC-nin Perspektiv İnkişaf və "Asan Xidmət"lə iş idarəsinin rəis müavini Arif Göyüşov təqdimatlarla çıxış ediblər.

Xüsusi vurğulanıb ki, elektron müraciətlərin sayının artırılması məqsədilə “Azərişıq” ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sistemi (MİOS) daha da təkmilləşdirlib və əlçatanlıq təmin edilib, məmur vətəndaş təması minimuma endirilib. MİOS-un ən üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir. Sahibkar elektron Hökumət Portalı üzərindən elektron və ya ASAN imza ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq yerləşir.

Təqdimat zamanı bildirilib ki, “Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmana uyğun olaraq, bu sahədə bir çox işlər görülüb, ümumi proseslər sadələşdirilib. Həmçinin “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Fərmanı ilə artıq sahibkarlara elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma üzrə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, sonrakı mərhələdə fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində (KOB) və “ASAN Kommunal” mərkəzlərində edilməsi imkanı yaradılıb.

Bu istiqamətdə ən mühüm yeniliklərdən biri isə artıq tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üç mərhələ əvəzinə iki mərhələdən ibarət olmaqla, cəmi 24 gündən azaldılaraq 20 gün ərzində yekunlaşmasıdır. Digər tərəfdən, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurlarının sadələşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin səmərəliləşdirilməsi, sahibkar məmnunluğunun artırılması üzrə göstərilən xidmətlərin təkmillləşdirilərək daha rahat, keyfiyyətli və əlçatan edilməsi məqsədilə kiçik və orta biznes evlərində (KOB) əlavə müraciət üçün şərait yaradılır.

Elektrik təchizati şəbəkələrinə (ETŞ) qoşulma üzrə yeni qaydalar təqdimatı zamanı həmçinin bildirilib ki, sahibkar artıq cəmi iki dəfə dövlət qurumu ilə təmasda olacaqdır: ilkin olaraq KOB evlərinə və ya mərkəzlərə müraciəti edəcək və qoşulma haqqı ödəniləcək, daha sonra isə ilk 10 gün ərzində dövlət qurumları arasında inteqrasiyanın təmin olunması nəticəsində sahibkarın hər hansı bir iştirakı olmadan texniki şərtlər, layihə sənədlərinin hazırlanması ilə bağlı “Texniki Şura” müvafiq tədbirlər görəcəkdir.

Sonrakı 10 gün ərzində isə tikinti-quraşdırma işləri və ETŞ-yə fiziki qoşulma, tikinti obyektinə elektrik enerjisinin verilməsi başa çatdırılır. Bütün işlər yekunlaşdığı zaman texniki şərtlərin və layihə sənədlərinin təqdim edilməsi, ETM ilə sifarişçi arasında qoşulma aktının (iki nüsxədə) və elektrik enerjisinin alqı-satqı müqaviləsinin (iki nüsxədə) imzalanması məqsədilə sahibkarın ikinci dəfə iştirakı tələb olunur.

İqtisadi İslahatların Təşkili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı çıxışı zamanı vurğulayıb ki, son islahat tədbirləri nəticəsində elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin yenilənməsi kiçik və orta sahibkarlığın dinamik inkişafı üçün əlverişli mühitin formalaşdırılması, kommunal xidmətlərə qoşulma üzrə səmərəliliyin artırılması və xərclərin azaldılması məqsədi ilə rahat və qısa zaman ərzində qoşulmanın həyata keçirilməsinə şərait yaradacaqdır.

Əsasən millət vəkillərinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, konsaltinq şirkətlərinin, qeyri hökumət təşkilatlarının iştirak etdiyi tədbir sualların cavablandırlması ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti