...

Tahir Rzayev: Prezident İlham Əliyev ölkənin iqtisadi qüdrətini yüksəltməklə sosial layihələrin uğurla yerinə yetirilməsini təmin edir

İqtisadiyyat Materials 19 Aprel 2020 17:01 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı güclü olduğuna görə çətinliklərin öhdəsindən gələ biləcəyimiz fikri real səslənir
Tahir Rzayev: Prezident İlham Əliyev ölkənin iqtisadi qüdrətini yüksəltməklə sosial layihələrin uğurla yerinə yetirilməsini təmin edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyev ölkənin iqtisadi qüdrətini yüksəltməklə sosial layihələrin uğurla yerinə yetirilməsini təmin edir.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı güclü olduğundan, bu gün koronavirus pandemiyasının yaratdığı çətinliklərin öhdəsindən gələ biləcəyimiz fikri real səslənir. Ölkə başçısı həm iqtisadiyyatın inkişaf etdirilməsi, həm də insanların sosial rifah halının yaxşılaşdırılması üçün çox ciddi addımlar atır.

"Prezident İlham Əliyevin hadisələrə çevik reaksiyası olmasaydı, vaxtında qabaqlayıcı tədbirlər görülməsəydi, bir çox xarici ölkələrdə olduğu kimi Azərbaycanda da COVİD-19 pandemiyası insanlara daha çox ziyan vura və vəziyyəti daha da çətinləşdirə bilərdi. Ancaq ölkə rəhbəri hər zaman olduğu kimi yenə də Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasını təmin etmək üçün ən ciddi tədbirlərə əl atdı və daim onların yanında olduğunu sübut etdi.

Koronavirus pandemiyasının vurduğu zərərdən qorunmaq üçün 3 milyard manata yaxın vəsait ayrılıb. Ölkə rəhbərinin təşəbbüsü ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna az müddətdə 100 milyon manatdan artıq vəsait toplandı ki, bu da xalqımızın həmrəyliyinin sübutudur".

Deputat əlavə edib ki, aprelin 17-də Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb:

"Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük vəsait ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri çərçivəsində 190 manat məbləğində birdəfəlik ödəmə verilir. Prezidentin tapşırığı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və aprel-may aylarını əhatə edəcək. İki ay müddətində 190 manat birdəfəlik müavinət verilməsi üçün dövlət büdcəsindən 70 milyon manat vəsait ayrılıb".

Bütün bunların əhalinin sosial müdafiəsinin təşkili üçün görüldüyünü vurğulayan komitə sədri əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən insanların sosial rifahının yaxşılaşdırılmasını özünün birinci dərəcəli vəzifəsi kimi qarşıya qoyub.

Bu vəzifənin bu günə kimi uğurla həyata keçirildiyini deyən deputat qeyd edib ki, Prezident İlham Əliyev ölkənin iqtisadi qüdrətini yüksəltməklə sosial layihələrin uğurla yerinə yetirilməsini təmin edir:

"Bu amil həm də bugünkü sosial-iqtisadi inkişafımızın əsasıdır. Azərbaycan iqtisadiyyatı son illər inkişaf yolundadır və bunu Ümumi Daxili Məhsulun, qeyri-neft sənayesi istehsalının həcminin, kənd təsərrüfatı məhsullarının ixrac potensialının artımında aydın görmək olar. Regionların sosial-iqtisadi inkişafına dair mühüm proqramların, strateji yol xəritələrinin bir çoxunun, mühüm sosial layihələrin həyata keçirilməsi Azərbaycanı dünyanın ən islahatçı və iqtisadi cəhətdən inkişaf edən ölkələri sırasına daxil edib, beynəlxalq aləmdə ölkəmizin nüfuzunu qat-qat artırıb. Əlbəttə ki, əldə edilən iqtisadi nəticələr bilavasitə əhalinin sosial rifahına yönəldirilir. Dünyanı vahiməyə salan və bəşəriyyətə ağır bəlalar bəxş edən koronavirus pandemiyası ilə mübarizə ərəfəsində ölkəmizdə həyata keçirilən tədbirlər bunu aydın göstərdi. İndi bu bəladan az itkilərlə çıxmaq birinci dərəcəli məsələdir. Hər bir vətəndaş da bunun üçün qayda-qanuna əməl etməlidir. Azərbaycanda xalq-iqtidar birliyi çox güclüdür, ölkə rəhbəri də öz fəaliyyətində bu birliyə arxalanır. Belə olan halda hər bir çətinlik uğurla aradan qaldırılacaq, iqtisadiyyatımız inkişaf edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti