...

Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? - “Azəriqaz”dan açıqlama (FOTO)

İqtisadiyyat Materials 13 Avqust 2020 12:35 (UTC +04:00)
Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? -  “Azəriqaz”dan açıqlama (FOTO)

Bakı. Trend:

Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan məsələlər sırasında qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Bəzən də məsələnin mahiyyətini tam dərk etmədən dolaşıq fikirlər yaranır və bu da, sosial şəbəkələrdə yanlış istiqamətdə müzakirələrə yol açır. Ən çox smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ətrafında danışılır.

“Azəriqaz”dan Trend-ə verilən məlumata görə, Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart kart tipli sayğaclar da mexaniki sayğaclarla əvəzlənir. Bu barədə dəfələrlə açıqlamamız olub, maliyyə məsələlərindən irəli gələrək belə addım atılır. Yəni smart kart tipli sayğacla mexaniki sayğac arasında qiymət fərqi çoxdur. “Azəriqaz” İB isə hazırda dünyada enerji bazarında baş verən prosesləri, geriləmələri nəzərə alaraq, optimal variantı seçir. Dövri yoxlamaya gəldikdə isə, bu, müvafiq dövlət qurumlarının təsdiq etdiyi qaydaların tələbidir. Yəni istər sənaye, istər məişət qaz ölçü qurğularının əvəzlənməsi “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2015-ci ildə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədində göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Yəni bu prosesin tam qanuni əsası var.

İlin əvvəlində tərtib edilmiş siyahıya görə ölkə üzrə 2020-ci ildə bir milyona yaxın qaz sayğacının dövri yoxlama müddəti çatır. Bunun 470 minə yaxını Bakı şəhərinin payına düşür. Ümumilikdə, bu il üçün 480 min sayğacın dövlət yoxlanışı icra edilməlidir. Bunun təxminən 200 mindən bir qədər artığı demək olar ki, artıq əvəzlənib. Sayğac əvəzlənməsi işlərini Bakı şəhəri üzrə bir neçə strukturun cəlb olunması ilə 400-ə yaxın işçi həyata keçirir. Bu prosesə Bakı Regional qazın satışı Departamenti nəzarət edir. Hər bir sayğacın dəyişdirilməsi, bundan sonra yoxlanılması, aktın tərtibi və s. təqribən 25-30 dəqiqə vaxt aparır. Əlbəttə bu işdə daha peşəkar işçi daha cəld olacaq, qarşıya qoyulan tapşırığı tez yerinə yetirəcək. İndi təsəvvür edin ki, gün ərzində elə vaxt olur ki, təkcə Bakıda 1200 qaz sayğacı əvəzlənir. Bəzən təhlükəsizlik baxımından evdə olmayan abonent sayğac yanındakı ventilin bağlanmasından narazılıq edir. Halbuki bu, təhlükəsizlik üçün vacib bir addımdır. Bəzən abonentlər mexaniki sayğacları “dədə-baba sayğacı” adlandıraraq onların köhnə olduğunu ifadə edirlər. Lakin bu sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Başqa bir abonent dəyişilən sayğacdakı vəsaitin tez bir zamanda yenisinin bazasına yerləşdirilməsini istəyir. Amma 2 fərqli baza arasındakı məlumat mübadiləsi azı 10, maksimum 30 gün tələb edir.

Bir sözlə, bunlar hamısı qəbul olunandır, çünki istənilən halda abonent haqlıdır. Lakin texniki prosesin özünün də müəyyən icra müddəti var. Etiraf etmək lazımdır ki, bu prosesə bəzən səhlənkar yanaşan işçilərimiz də olur. Lakin belə hallarda abonentlərimizin köməyinə ehiyacımız var. Sizdən 104/185 saylı Çağrı Mərkəzinə zəng etməyinizi, 077 3 104 104 saylı “Whatsap” nömrəsinə mesaj göndərməyinizi xahiş edirik. İnanırıq ki, bizi anlayışla qarşılayıb, 2 milyon 285 min abonenti olan “Azəriqaz” İB kimi böyük bir kommunal təşkilata bu işdə dəstək göstərəcəksiniz. Çünki biz Sizin məmnuniyyətiniz üçün çalışırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti