Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanın erməni işğalından azad edilən ərazilərinin turizm potensialından istifadə üçün ilkin araşdırmaların aparılmasına başlanılıb.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Bu bölgənin turizm potensialının olduqca zəngin olduğunu deyən K.Quluzadə buradakı tarixi-mədəni turizm obyektlərinin, abidələrinin bir çoxunun ermənilər tərəfindən dağıdıldığını, buna görə də yenidən dəyərləndirilmələrin aparılmasını zəruri sayıb:
“Bizdə olan məlumata görə, həmin regionda 900-ə yaxın mədəni-tarixi abdiəmiz var. Burada mədəni-tarixi abidələrimizdən nələrin dağıdılıb, nələrin dağıdılmamasını öyrənmək, vəziyyəti araşdırmaq üçün detallı şəkildə tədqiqatlar aparılmalıdır. Aydın məsələdir ki, erməni vandalizmi nəticəsində burada çox abidələrimiz dağıdılıb”.
K.Quluzadə əlavə edib ki, araşdırmalar aparıldıqdan sonra tarixi, mədəni, mətbəx, musiqi, ziyarət, təbiət, mədəni, sağlamlıq, istirahət və s. turizm marşrutlarının yaradılması nəzərdə tutulur:
“Bizim belə bir ideyamız da var ki, "Qəhrəmanlar marşutları" da olsun. Hazırda yanaşmalar müxtəlifdir, amma bütün bu məsələlər kompleks yanaşılaraq, öyrənilməlidir. Əsas məsələ odur ki, biz bunun üçün ərazilərə gedərək orada yerində dəyərləndirmələr aparmalıyıq. Buna uyğun olaraq da marşrutların yaradılması üzrə planlar qurula bilər. Çünki hər bir regionun özünəməxsus turizm potensialı var. Hər bir regiona uyğun olaraq da marşutlar yaratmaq mümkündür və bu, belə də planlaşdırılır. İndi hansı istiqamətin daha prioritet olacağıni demək tezdir. Bu barədə qərar araşdırmalardan sonra veriləcək”.