...

Kartof əkinlərinin güzəştli sığortası başlayıb

İqtisadiyyat Materials 15 Fevral 2021 11:13 (UTC +04:00)
Kartof əkinlərinin güzəştli sığortası başlayıb

Bakı. Trend:

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kartof əkini sahələrinin sığortalanması şərtləri açıqlanıb.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə kartof əkini sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Hazırda kartof Azərbaycanın əksər rayonlarında, o cümlədən Gəncə-Qazax, Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz və sair ərazilərdə əkilir və fermerlərə böyük fayda gətirir.

Kartof sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara əsasən, hesablama aparılması üçün kartofun 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, kartofun bir hektarı üçün məhsuldarlıq norması 9-900 sentner arasında, qiymət isə 40-100 manat/sentner arasında müəyyən edilib.

Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:

Məhsuldarlıq (Sentner/ha)

Qiymət

(AZN/ Sentner)

Minimum

9

40

Maksimum

900

100

Kartof əkini sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:

Misal: Cəlilabad rayonunda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 100 sentner, 1 sentner məhsulun bazar qiyməti 40 manat olduqda

Sığorta məbləği = 4 x 100 x 40 = 16 000 manat müəyyən edilir.

Qaydalara görə, aqrar sığorta çərçivəsində kartofun sığortalanması üçün 2 sığorta zərfi təklif edilir.

Bunlardan birincisi - əksər riskləri əhatə edən “baza zərfi”, digəri isə əlavə riskləri əhatə edən zərfdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə fərqlənirlər.

Birinci, “baza zərfi”ndə azadolma məbləği 10%-dir. Bu zərf kartofu dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.

1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:

· dolu;

· yanğın;

· zəlzələ;

· torpaq sürüşməsi;

· qasırğa;

· fırtına;

· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

2-ci sığorta zərfi

İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir. Bu zərf kartofu bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.

2-ci sığorta zərfinə aid risklər:

· bitki xəstəlikləri və zərərvericilər;

· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

Bu sığorta zərflərinin seçilməsi fermer və ya kartof sahəsinin sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni, baza zərfi seçilmədən 2-ci zərf seçilə bilməz.

Kartof əkini sahəsinin sığortalanması üçün tariflər və sığorta haqları

Kartofun sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları bitkinin məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, bölgələrdən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.

Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:

1-ci (baza) sığorta zərfi

2-ci sığorta zərfi

İqtisadi rayonlar

· dolu;

· yanğın;

· zəlzələ;

· torpaq sürüşməsi;

· qasırğa;

· fırtına;

· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

· bitki xəstəlikləri və zərərvericilər;

· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

Azadolma

10 %

30%

Gəncə-Qazax

3,39%

2%

Aran

1,10%

2%

Quba-Xaçmaz

0,92%

2%

Şəki-Zaqatala

2,25%

2%

Dağlıq Şirvan

0,86%

2%

Lənkəran

0,92%

2%

Abşeron

0,92%

2%

Yuxarı Qarabağ

1,37%

2%

Göründüyü kimi, kartofun sığortası üzrə ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. Məsələn, kartofun ənənəvi olaraq geniş əklildiyi Gəncə-Qazax zonasında da tariflər cəmi 3,39%, Quba-Xaçmaz və Lənkəran zonasında isə 0,92% təşkil edir.

Ayrı-ayrı bölgələrdə kartof əkini sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:

Misal 1: Xaçmazda (Quba-Xaçmaz regionu) əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 100 sentner, 1 sentner məhsulun bazar qiyməti 60 manat olduqda

Sığorta haqqı = 24 000 manat X 0,92% =221 manat təşkil edir.

Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir. Nəticədə ümumi dəyəri 24 000 manat olan məhsulun sığortalanması üçün fermer cəmi 110,5 manat və ya hər hektara cəmi 27,6 manat ödəyir.

Misal 2: Tovuzda (Gəncə-Qazax regionu) əkin sahəsi – 2 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 100 sentner, 1 sentner məhsulun bazar qiyməti 60 manat olduqda

Sığorta haqqı = 12 000 manat X 3,39% = 406,8 manat təşkil edir.

Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir. Nəticədə ümumi dəyəri 12 000 manat olan məhsulun sığortalanması üçün fermer cəmi 203,4 manat və ya hər hektara cəmi 101,7 manat ödəyir.

Misal 3: Biləsuvarda (Aran regionu) əkin sahəsi – 6 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 100 sentner, 1 sentner məhsulun bazar qiyməti 50 manat olduqda

Sığorta haqqı = 30 000 manat X 1,10% = 330 manat təşkil edir.

Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir. Nəticədə ümumi dəyəri 30 000 manat olan məhsulun sığortalanması üçün fermer cəmi 165 manat və ya hər hektara cəmi 27,5 manat ödəyir.

Göründüyü kimi, Gəncə-Qazax regionundakı kartof sahələrinin sığortalanması Aran və Quba-Xaçmaz regionu ilə müqayisədə təqribən 3 dəfə daha baha başa gəlir. Tariflərdəki bu fərq həmin bölgələrin iqlim şəraiti və təbii riskləri ilə bağlıdır.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.

Fermerlərə sığorta haqqı güzəştləri

Kartof sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.

Kartof sahələrinin sığortalanması üçün müraciətlər başlayıb

Aqrar Sığorta Fondundan verilən məlumata görə, kartof sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb. Fermerlər və iş adamları kartof sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Məsələ bundadır ki, kartof demək olar ki, ilin bütün dövrlərində əkildiyi üçün onun sığortalanması ilə bağlı hər hansı qrafik nəzərdə tutulmayıb. Yəni kartof əkini ilə məşğul olan fermerlər və iş adamları istənilən vaxt bunun üçün müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti