Bakı. Çingiz Səfərli - Trend:
Azad iqtisadi zona, azad ticarət zonası xüsusi iqtisadi zona anlayışının bir növüdür. Yəni, müəyyən güzəştləri özündə nəzərdə tutan, strukturu formalaşdıran və kompakt bir coğrafiyada xüsusi iqtisadi şərtlər daxilində sahibkarlıq subyektlərinə fəaliyyət göstərmək üçün yaradılan şəraiti özündə ehtiva edir.
Bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O, bildirib ki, Azərbaycanda əslində xüsusi iqtisadi zona uzun illərdir tətbiq olunur. Məsələn, sənaye məhəllələri, sənaye parkları, aqroparklar, turizm rekreasiya zonaları və s. Bunlar əslində xüsusi iqtisadi zona anlayışlarının bu günə qədər tətbiq olunmuş və tətbiq olunmaqda olan növlərindəndir. Azad iqtisadi zona olaraq Ələt İqtisadi Zonası Azərbaycanda tətbiq olunan ilk model olacaq.
"Bura sahibkarlıq subyektlərinə, xüsusən də xarici investorlara gömrük vergi güzəştləri təmin etməklə və eyni zamanda müəyyən infrastruktur formalaşdırmaqla və həmin sahibkarlıq subyektlərinin nəqliyyat-kommunikasiya imkanlarına çıxış imkanlarını asanlaşdırmaqla iqtisadi fəaliyyətlərlə məşğul olmaları üçün nəzərdə tutulmuş zonadır. Bu zonanın fəaliyyəti haqqında bildiyiniz kimi qanun da qəbul olunub. Bu qanunun qəbul edilməsi üçün zərurət var idi. Çünki xüsusən də xarici sərmayədarlar sürətli qanun dəyişikliyi halında uzunmüddətli investisiya planlaşdırmasını apara bilmirlər. Onlara daha etibarlı, uzunmüddətli dövrdə daha dayanıqlı olan biznes mühiti lazımdır. Məhz bu zərurət azad iqtisadi zona haqqında qanunun qəbul olunmasını şərtləndirdi. Qanun zonada fəaliyyət göstərən rezidentlərin mülkiyyət hüququ, onların investisiyalarının repatriasiyası şərtləri və eyni zamanda fəaliyyətləri zamanı yaranan vergi və gömrük öhdəlikləri üzrə güzəştləri özündə ehtiva edir. Bundan başqa onların xüsusi şərtlər daxilində arbitraj məhkəməsi olacaq".
Ekspertin sözlərinə görə, bütövlükdə götürəndə məqsəd ondan ibarətdir ki, orta və uzunmüddətli dövrdə Azərbaycana xarici sərmayə qoyuluşları artsın. Bu proses təşfiq olunsun.
"Hazırda Azərbaycana investisiya qoyuluşları daha çox neft-qaz sektoruna yönəlir. Burda da layihələrin bitməsi və bitməkdə olması son illərdə investisiya qoyuluşlarının azaldılmasına gətirib çıxarıb. Etiraf etmək lazımdır ki, qeyri-neft sektoruna xarici investisiya qoyuluşunda, xüsusilə birbaşa investisiya qoyuluşunda ciddi dinamika müşahidə olunmur. Hətta 2016-cı ildən bu günə qədər olan vəziyyətə nəzər salsaq, görərik ki, birbaşa investisiya qoyuluşlarında əhəmiyyətli azalmalar var. Pandemiya isə qlobal səviyyədə vəziyyəti daha da mürəkkəbləşdirib. İnvestisiya uğrunda mübarizə daha da sərtləşəcək. Çünki investisiya imkanları məhdudlaşıb, biznes subyektlərinin yığımları əriyib, təkrar investisiyaqoyma qabiliyyəti zəifləyib. Buna görə də düşünürəm ki, rəqabət daha da sərtləşəcək. Belə bir şərtlər daxilində Azərbaycan daha əlverişli biznes mühiti yaratmaqla, həm neft, həm də qeyri-neft sektoruna investisiya qoyuluşunun azalması səbəbindən qaynaqlanan çatışmazlığı orta və uzunmüddətli dövrdə məhz azad ticarət konsepsiyası vasitəsilə kompensasiya edə bilər".
Rəşad Həsənov bildirib ki, bu, ilk növbədə iqtisadiyyata xarici sərmayənin gəlməsinə səbəb olacaq. Amma bununla yanaşı Azərbaycana beynəlxalq təcrübənin gəlməsini də şərtləndirəcək.
"Bura müasir texnologiyalara əsaslanan və daha yüksək dəyərtutumlu iqtisadiyyatın formalaşması üçün bir baza rolunu oynaya bilər. Xarici bazarlarla əlaqələrin genişlənməsinə ciddi töhfə verəcək. Çünki azərbaycanlı sahibkarlar xarici bazarlarla daha yaxşı işləyə bilmirlər. Bu istiqamətdə təcrübə zəifdir. Qeyd edilən xarici sərmayədarların hazır təcrübələri, hazır bazarları var. Eyni zamanda təbii ki, vəsaitlə birlikdə bütövlükdə bu 3 komponenti özündə birləşdirən ciddi iqtisadi imkan formalaşdıracaq. Azərbaycan iqtisadiyyatı ilə münasibətdə mal və xidmətlərə yaranan tələb fonunda müəyyən multiplikativ effekt yaradacaq. Eyni zamanda Azərbaycanın əsas iqtisadiyyatının iştirakçıları üçün Ələt Azad İqtisadi Zonasında təşkil olunan mal və xidmətlər daha aşağı qiymətlə əldə etmək imkanı yaranacaq. Çünki həmin məhsulların maya dəyəri daha aşağı qiymətə başa gəlir.
Ekspert onu da əlavə edib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanın eyni zamanda mövcud nəqliyyat infrastrukturunun daha səmərəli istifadə olunmasına şərait yaradacaq.
"Çünki bildiyiniz kimi ciddi kapital qoyuluşu olub, Ələt dəniz limanı inşa olunub. Onun böyük yükötürmə qabiliyyəti var. Bunun istifadə olunması baxımından da azad iqtisadi zonanın əhəmiyyəti düşünürəm ki, yüksəkdir. Təbii ki, burda əlavə olaraq da məşğulluğun artmasına və mövcud risklər qarşısında daha dayanıqlı inkişaf tempinin təmin olunmasına müəyyən imkanlar yarada bilər. Bunun üçün hüquqi və iqtisadi əsaslar var. Sadəcə konsepsiyanın özünü ədalətli şəkildə, nöqsana yol vermədən, diskriminasiya ortaya qoyulmadan, təşəbbüskarlara qeyri-qanuni tələblər irəli sürülmədən, yəni sahibkarlıq təşəbbüslərinin qarşısı süni maneələrlə alınmadan bu layihə icra olunmalıdır ki, qoyulan vəsaitlər də Azərbaycan iqtisadiyyatına uzunmüddətli dövrdə əlavə gəlir olaraq geri qayıda bilsin".
Məsələyə iqtisadçı ekspert Ruslan Atakişiyev də münasibət bildirib. Qeyd edib ki, Ələt Azad İqtisadi Zonasının formalaşdırılması Azərbaycanın bir tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.
"Bu, xüsusən Mərkəzi Asiya ölkələri və Çinlə Avropa ölkələri arasında əlaqələrin dərinləşdirilməsi baxımından önəmli rola malikdir. Ələt Azad İqtisadi zonası yükdaşımalarında Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Təbii ki, bu sahədə xarici investisiyaların cəlbinə böyük ehtiyac var. Bu da yalnız və yalnız həmin zonada əlverişli gömrük və vergi mühitinin formalaşdırılması, o cümlədən də həmin zonanın dünyada mövcud olan digər zonalara nisbətən əlverişliliyinin artırılması ilə mümkündür".