...

Xarici borcun ÜDM-ə nisbətdə 10 faizə çatdırılması istiqamətində işlər davam etdirilir - Samir Şərifov

İqtisadiyyat Materials 12 Aprel 2022 21:23 (UTC +04:00)
Xarici borcun ÜDM-ə nisbətdə 10 faizə çatdırılması istiqamətində işlər davam etdirilir - Samir Şərifov

Bakı. Trend:

Xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinin 10 faizə çatdırılması istiqamətində Sizin qarşımızda qoyduğunuz işlər davam etdirilir.

Trend xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı deyib.

"Bu istiqamətdə vacib məsələlərdən biri də ümumi dövlət borcunun, yəni, xarici və daxili dövlət borcundan ibarət olan dövlət borcunda xarici valyutada ifadə edilmiş borcun məhz Siz dediyiniz həmin istiqamət nəzərə alınmaqla tədricən azaldılması və eyni zamanda, daxili dövlət borcunun xüsusi çəkisinin borc portfelində artırılması istiqamətində işlər görülür. Strategiya qəbul edilən zaman həmin nisbət 94 faiz idi, yəni, 94 faiz xarici dövlət borcunun payına düşürdü. Hazırda isə bu, 82 faizə endirilmişdir. Bu da onunla bağlıdır ki, daxili borcun xüsusi çəkisi artmışdır. Daxili dövlət borcunun, yəni, daxili maliyyə bazarlarının inkişaf etdirilməsi üçün biz bazara daha çox dövlət qiymətli kağızları, dövlət istiqrazlarını təklif edirik və strategiyanın qəbul edildiyi müddət ərzində həmin borc bazarda 3,2 faiz artmışdır. Hazırda 2,5 milyard manat təşkil edir və proqram davam etdirilməkdədir.

Şübhəsiz ki, dövlət büdcəsinin icrasının göstəriciləri yaxşı olduqda, yəni, fiskal orqanlar profisitlə təmin etdikdə büdcə kəsiri yaranmır və nəticə etibarilə biz bir o qədər daxili borcu buraxmırıq. Amma bu proqram davam etdiriləcəkdir.

Möhtərəm cənab Prezident, Sizin bu yaxınlarda imzaladığınız Sərəncama əsasən, ümumi dövlət borcunun ortamüddətli dövrdə ÜDM-in 20 faizi səviyyəsində saxlanılması, xarici dövlət borcunun ortamüddətli dövrdə 15 və uzunmüddətli dövrdə 10 faizə endirilməsi nəzərdə tutulub.

Bu gün vacib məsələlərdən biri də bizim borclanma strategiyamızdır - biz nə qədər əlavə borc götürəcəyik. Möhtərəm cənab Prezident, eyni zamanda, Sizin bu yaxınlarda imzaladığınız Sərəncamla Azərbaycan Respublikasının büdcə qaydası üzrə müəyyən göstəricilərin, ilk növbədə, qeyri-neft baza kəsiri üzrə nisbətlərinin təsdiq edilməsi bizim üçün müəyyən çərçivəni formalaşdırır. Həmin çərçivə əsasında ümumi borclanma növbəti üç il üçün 4,3 milyard manat məbləğində nəzərdə tutulur. Yəni, buraya borcun yenidən maliyyələşdirilməsi daxil edilmir. Biz borcun yenidən maliyyələşdirilməsini də daxil etsək, söhbət 8,3 milyard manat həcmində borcun cəlb edilməsindən gedir. Yeni cəlb ediləcək borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə edəcəyimiz vəsaitlər təşkil edəcək. Yəni, bunlar müəyyən layihələr üzrə imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ ki, təmin olunmayıb. Yeni borc 3 milyard manat məbləğində nəzərdə tutulub.

Möhtərəm cənab Prezident, onu da qeyd etmək istərdim ki, bizim bugünkü ümumi daxili məhsul üzrə göstəricilərimiz kifayət qədər yüksəkdir. Bu ilin sonuna gözlənilən nəticələr də nəzərə alınmaqla, növbəti illər üzrə İqtisadiyyat Nazirliyi tərəfindən mart ayında bizə artıq yeni ortamüddətli proqnozlar təqdim edilmişdir. Bu proqnozlar nəzərə alınmaqla, hesab edirik ki, borclanma üzrə əlavə imkanlarımız ola bilər.

Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, bizə bu gün kifayət qədər böyük həcmlərdə borc vermək niyyətində olan beynəlxalq qurumlar var. Sizin müəyyən çıxışlarınızdan sonra Avropa İttifaqı artıq 2 milyard avro məbləğində borcun bizə verilməsi barədə niyyətlərini bildirib. Bu borcu iki bank vasitəsilə - Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda, Avropa İnvestisiya Bankı vasitəsilə verməyə hazırdırlar. Digər tərəfdən, başqa beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı yenidənqurma işlərində təcrübələri çox olduğuna görə öz kredit xətlərini bizə təklif edirlər. Asiya İnkişaf Bankı da Azərbaycan hökumətinin təqdim etdiyi proqramlar əsasında kifayət qədər böyük həcmlərdə borc ayırmağa hazırdırlar. Burada, belə desək, “top bizim tərəfdədir”. Hansı layihələri seçməyimizdən asılı olaraq, Sizin qarşımızda qoyduğunuz borc çərçivəsi daxilində biz bu vəsaitləri cəlb edə bilərik", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti