Bakı. Trend:
Dövlət başçısının Sərəncamına əsasən, Şamaxı şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı təmir-tikinti işləri davam edir.
Agentlikdən Trend-ə bildirilib ki, bu çərçivədə cari ildə Şamaxı şəhərində 18 adda müxtəlif küçədə təmir işlərinə başlanılıb. Küçələrin ümumi uzunluğu 13 km təşkil edir. Təmir işlərinin aparıldığı sahə 73587 kv.m-dir.
Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa olunur. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunur.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Xatırladaq ki, 2021-ci il ərzində Şamaxı şəhəri ərazisində ümumi uzunluğu 27 km olan 44 adda prospekt və küçədə agentlik tərəfindən təmir-tikinti işləri həyata keçirilib.
Təmir zamanı zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, 8 503 p/m yeni piyada səkiləri inşa edilib, 20 522 p/m səki daşı yenilənib.
Bundan başqa Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 120 və 123-cü km-də Şamaxı şəhərinə giriş-çıxışda, həmçinin Bakı şəhəri istiqamətində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə eyni səviyyəli yol qovşaqlarının tikintisi aparılıb.
Qeyd edək ki, hər iki yol qovşağı arasında uzunluğu 3.1 km olan magistral yolun yenidən qurulması, piyada səkilərinin bərpası və yenilərinin inşası, həmçinin yol kənarında yaşıllıqların salınması işləri də layihə üzrə həyata keçirilib.
Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Şamaxıda aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Bu isə turizm potensialı yüksək olan rayon üçün xüsusi əhəmiyyət kəsb edir.