...

Ölkə üçün rəqəmsal texnologiyalar üzrə mütəxəssislər hazırlanmasına dəstək (FOTO)

İqtisadiyyat Materials 25 İyul 2022 12:43 (UTC +04:00)
Ölkə üçün rəqəmsal texnologiyalar üzrə mütəxəssislər hazırlanmasına dəstək (FOTO)

Bakı. Trend:

bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” - 2020-ci ildə qoşulduqları ABB Tech Akademiyası layihəsini uğurla tamamlayıblar.

Layihə çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarından ümumilikdə 208 nəfərə təlim verilməklə onların informasiya texnologiyaları (İT) sahəsindəki səriştələri, ümumi texnoloji bilik və bacarıqları inkişaf etdirilmişdir ki, bu da onların sürətlə dəyişən texnologiya dünyası ilə ayaqlaşmalarına imkan yaradır. Bu iştirakçılardan 150 nəfərinin təlimi bp və onun tərəfdaşları və ABB tərəfindən birgə maliyyələşdirilib.

Layihə müddəti ərzində 50-dən çox yerli və beynəlxalq təşkilatı, o cümlədən ABB-ni və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC və s. kimi müxtəlif universitetləri təmsil edən iştirakçıları əhatə etməklə ümumilikdə doqquz qrup təklif olunmuşdur.

ABB-nin təşəbbüsü ilə həyata keçirilən bu layihənin məqsədi innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru səyləri istiqamətləndirəcək və texnoloji sıçrayışlara töhfə verəcək yeni nəsil mütəxəssislər yetişdirməklə yerli İT bazarının inkişafına dəstək verməkdir.

İyulun 22-də layihənin uğurla tamamlanmasını qeyd etmək və ölkədəki texnologiya mütəxəssisləri icmasına qoşulan bütün məzunlara uğurlar arzulamaq məqsədilə tədbir keçirilib.

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Rusiya, Misir və Oman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kelli dedi:

“Bu layihə bizim ən çox sevdiyimiz layihələrdən biridir, çünki o, bp və tərəfdaşlarının Azərbaycanda ümumi potensialın gücləndirilməsinə dəstək vermək öhdəliyinə tam uyğun gəlir. Layihə həmçinin bp-nin öz rəqəmsal transformasiya səylərinə də uyğundur. bp-də “xalis sıfır” emissiya məqsədlərimizə nail olmaq və inteqrasiyalı enerji şirkətinə çevrilmək üçün gördüyümüz hər bir işin əsasını innovasiya və rəqəmsal həllər təşkil edir.

Biz ABB-yə bu möhtəşəm təşəbbüsə qoşulmaq üçün imkan yaratdığına görə təşəkkür etmək istəyirik və inanırıq ki, bu təşəbbüs ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün göstərdiyi səyləri dəstəkləyən yüksək ixtisaslı rəqəmsal texnologiya mütəxəssislərinə olan tələbatı ödəməyə kömək edəcək."

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:

“Ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstəyimizlə cəmiyyətimizin inkişafına töhfə verməyə çalışırıq və korporativ dəyərlərimizə sadiqlik göstəririk.

ABB Tech Akademiyası ABB-nin hər zaman qürur duyacağı layihələrdən olacaq. Çünki bu Akademiya yüzlərlə Azərbaycan gəncinin uğur yolunun başlanğıcına çevrilib. Sürətlə rəqəmsallaşan biznesin ehtiyacları üçün burada peşəkar kadrlar yetişdirilərək əmək bazarına təqdim olunur. Tərəfdaşlarımızla birgə burada təhsil imkanlarını bütün istedadlı gənclərimiz üçün əlçatan edirik. İştirakları ilə bu layihəyə xüsusi dəyər qatdıqlarına görə bp və tərəfdaşlarına minnətdarlığımızı bildirirəm."

ABB Tech Akademiyası İT peşəkarlarının təlim mərkəzi olan «DAN IT education» tərəfindən hazırlanmış metodologiyaya əsaslanır və kodlaşdırmanın əsas sahələrini əhatə edən intensiv təlim proqramları təqdim edir. Təhsil proqramı İsrailin İT mütəxəssisləri üçün təlim metodu (Telem) əsasında hazırlanıb.

bp və tərəfdaşlarının iştirak etdiyi layihənin ümumi dəyəri 400 000 AZN (235 300 ABŞ dolları) təşkil edir.

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 101 milyon dollar vəsait xərcləmişdir.

bp və tərəfdaşlarının birgə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

ABB 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlayıb və hazırda aktivlərinin həcminə, müştəri bazasına, beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən filial və şöbələri ilə Bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 18000-ə yaxın, fiziki şəxslərin sayı isə 3 milyondan çoxdur. Bankda 3000-dən çox işçi çalışır.

ABB neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir. Eyni zamanda iri, kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə fəal dəstək verir.

1996-cı ildə ABB “Azərikard” prosessinq şirkətini təsis etməklə ölkədə kart-prosessinq fəaliyyətinin əsasını qoyub. 1997-ci ildə Bank "VISA" və "MasterCard", sonrakı illərdə "American Express", Union Pay, Diners Club, JCB beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlığa başlayıb. Hazırda ABB ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin fərqli kart çeşidlərini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti