Bakı. Trend
Paytaxtın mənzil kirayəsi bazarında yay aylarında adətən dəyişikliklər baş verir. Yay mövsümündə tədris ili başa çatır, insanların əksəriyyətinin yay aylarında istirahətə yollanması da həm kirayə, həm də alqı-satqı işinə təsir edir.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, yay aylarında həmişə olduğu kimi, paytaxtda həm kirayə, həm də mənzil satışı bazarında durğunluq olur.
Onun sözlərinə görə, hazırda kirayə bazarında mənzillərə tələbat yüksək deyil.
"Yay aylarında kirayə mənzil bazarında durğünluğun yaranmasının əsas səbəbi tələbələrin dərslərin bitməsiylə əlaqədar öz rayonlarına qayıtmasıdır. Bu, durğunluğun yaşanması bir çox hallarda mövsümi xarakter daşıyır. Hazırda kirayə mənzil fondunun 20 %-i boşalıb. Lakin qiymətlərdə heç bir dəyişiklik yoxdur. Təxminən avqust ayının axırında paytaxta tələbə axını ilə bağlı kirayə mənzil bazarında qiymət artımı gözlənilir",- deyə ekspert qeyd edib.