Bakı. Trend:
Orta Dəhliz Avropa ilə Asiya arasında böyük həcmdə malların daşınması üçün potensiala malikdir.
Bunu bazar ertəsi Trend-ə Avropa Komissiyasının rəsmi nümayəndəsi Miriam Qarsiya deyib.
"Avropa ilə Asiya arasında ticarət yollarının diversifikasiyası və alternativ etibarlı və effektiv dayanıqlı daşınma əlaqələrinin inkişafı indi heç vaxt olmadığı qədər vacibdir. Ukraynada müharibə başladıqdan sonra Orta Dəhliz yeni əhəmiyyət kəsb edib. Azərbaycanın Avropa ilə Asiya arasında əsas kommunikasiya qovşağı qismində rolunun artmasında Aİ-Azərbaycan əməkdaşlığının inkişafı mühüm rol oynayır. Əsas problemlər, boşluqlar, buraxılış qabiliyyətinin çatışmazlığı və digər məsələlər, o cümlədən gömrük, sərhəd keçidi və sənədlərlə əlaqədar məsələlər bütün tərəfdaşlarla uzlaşma əsasında lazımı qaydada həll olunarsa, Orta Dəhliz Avropa ilə Asiya arasında böyük həcmdə malların daşınması üçün potensiala malikdir", - o deyib.
M.Qarsiya həmçinin Bakı limanının mühüm nəqliyyat qovşağı ola biləcəyini, lakin ötürücülük qabiliyyətinin artırılması üçün əlavə işləmələrə ehtiyac olduğunu əlavə edib.
"Aİ Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqələri üzrə tədqiqat başladıb. Tədqiqat çərçivəsində Cənubi Qafqazdan, o cümlədən Azərbaycan ərazisindən keçməklə Asiyayadək dayanıqlı əlaqələrin təmin edilməsinin mümkün ən yaxşı yolları müəyyən ediləcək. Tədqiqatın 2023-cü ilin may ayınadək tamamlanacağı gözlənilir", - Avropa Komissiyasının nümayəndəsi deyib.
Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Hazırda Orta Dəhliz Avropaya ən qısa və ən qənaətli marşrut təklif edir.